Kusuf (günəş və ya ay tutulması) namazı:

Günəş və ya ay tutulanda “Camaat namazına gəlin” deyib car çəkmək müstəhəbdir. Qeyd edək ki, bu namazı evdə də qılmaq olar.

Abdullah b. Amr deyir ki, «Peyğəmbərin ﷺ vaxtında günəş tutulanda “Camaat namazı!” — deyib car çəkdilər»[Buxari, Muslim].

 

Camaat məscidə toplaşdıqdan sonra imam onlara aşağıdakı hədisdə deyilən qaydada iki rükət namaz qıldırmalıdır. Aişə deyir ki, «Peyğəmbərin ﷺ sağlığında günəş tutuldu. O məscidə getdi və camaat onun arxasında cərgə-cərgə düzüldülər. O təkbir edib uzun-uzadı Quran oxudu. Sonra təkbir edib uzun-uzadı rüku etdi və sonra “Səmiəllahu limən həmidəh” — deyib rükudan qalxdı, amma səcdəyə getmədi. Sonra yenə uzun-uzadı Quran oxudu. Amma bu birinci oxuduğundan az oldu. Sonra təkbir edib uzun-uzadı bir rüku etdi. Amma bu rüku əvvəlkindən az oldu. Sonra “Səmiəllahu limən həmidəh, Rabbənə va ləkəl həmd” — deyib rükudan qalxdı və sonra səcdə etdi. Sonra ikinci rükətdə də eynisini etdi. Beləliklə o dörd rükəti, dörd səcdəylə tamamladı. Peyğəmbər  namazını bitirmədən öncə artıq günəş də görsəndi»[Buxari, Muslim].

 

Kusuf namazından sonra xütbə vermək:

Salam verib namazı bitirdikdən sonra imamın camaata vəz/nəsihət etməsi müstəhəbdir. Bu vəz – xatırlama, ibrət alma və yaxşı əməllərə təşviq mövzusunda olmalıdır. Aişə deyir ki, Peyğəmbər günəş tutulan gün namaz qıldı… (sonra, Peyğəmbərin bu zaman necə namaz qılmasını vəsf edir və deyir:) salam verib namazı bitirdi və artıq günəş çıxmışdı. Sonra insanlara vəz etdi, günəş və ay tutulmasının Allahın bir əmri olduğunu, bunların kiminsə dünyaya gəlməsi və ya ölməsiylə əlaqədar olmadığını (bunların cahiliyyət inancları olduğunu) qeyd etdi. Bu kimi hallarda namaza sarılmağı tövsiyə etdi[Buxari, Muslim].

 

Əsma deyir ki, «Allahın elçisi ﷺ günəş tutulan zaman kölələri azadlığa qovuşdurmağı əmr etmişdir»[Buxari].

 

Əbu Musa deyir ki, bir gün günəş tutulmuşdu. Bunu görən Peyğəmbər  vahimə içərisində qalxdı və qiyamətin başlamasından qorxdu. Sonra məscidə gəlib ən uzun qiyam, rüku və səcdə ilə namaz qıldı. Halbuki mən heç vaxt onun belə uzun namaz qıldığını görməmişdim. Namazdan sonra isə dedi: «Allahın göndərdiyi bu əlamətlər kiminsə dünyaya gəlməsi və ya ölməsinə görə baş vermir. Sadəcə olaraq Allah bununla bəndələrini qorxudur. Əgər siz belə bir hala rastlasanız o zaman Allahı zikr etməyə, Ona dua edib, bağışlanma diləməyə tələsin»[Buxari, Muslim].

 

Hafiz İbn Həcər əl-Əsqəlani “Əl-Fəth” əsərində (2/ 527) deyir: «Cumhur (əksər) alimlərin rəyinə əsasən küsuf namazı təkidlə buyurulmuş sünnədir…»[Təmamul-Minnə, səh. 261].

 

İstisqa (yağış diləmək) namazı:

Yağış kəsildikdə və ətraf mühit quraqlıq keçirdikdə yağış namazı qılmaq üçün namazgaha toplaşmaq müstəhəbdir. Qaydasına gəlincə, imam camaata iki rükət namaz qıldırır və namazda çoxlu dua edir, Allahdan bağışlanma diləyir. Əyninin paltarını tərs çevirir, sağını sola geyinir. Abbad b. Təmin, əmisi Abdullah b. Zeyddən rəvayət edib deyir ki, «Peyğəmbər ﷺ yağış diləmək üçün namazgaha çıxdı. Qibləyə tərəf yönəlib iki rükət namaz qıldı və (Allah qarşısında daha zəlil və aciz görünmək üçün) paltarını tərs çevirdi». Süfyan deyir ki, Məsudi Əbu Bəkrin belə dediyini deyirdi: Peyğəmbər ﷺ paltarının sağını sola etmişdi[Buxari].

 

Həmin rəvayətçi digər rəvayətdə isə belə demişdir: «Mən Peyğəmbəri ﷺ yağış diləyərkən görmüşəm. O arxasını camaata, üzünü isə qibləyə tərəf çevirib dua etdi. Sonra paltarını tərs çevirib bizə iki rükət namaz qıldırdı və qiraətini səslə etdi (namazı səsli qıldırdı)»[Buxari].

 

 

www.islamevi.az

Bənzər Məqalələr