
Duha (əvvabinlərin: yəni, tövbə edənlərin) namazı, dinimizdə buyurulmuş, tövsiyə edilmiş bir müstəhəb namazdır.
Əbu Hureyrə deyir ki, «Xəlilim/dostum ﷺ mənə üç şeyi tövsiyə etmişdir: Hər ayın üç gününü oruc tutmaq, iki rükət duha namazını qılmaq və yatmadan öncə vitr namazını qılmaq»[Muslim].
Bu namazın fəziləti/savabı.
Əbu Zərr Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: «Hər bir oynağınıza gündəlik sədəqə düşür. Hər bir “Təsbih” (sübhənəllah), “Təhmid” (əlhəmdulilləh), “Təhlil” (Lə iləhə illəllah), “Təkbir“ (Allahu əkbər) demək sədəqədir. Yaxşı işlərə çağırmaq, pis işlərdən çəkindirmək – sədəqədir. Amma duha vaxtı iki rükət namaz qılmaq bütün bunları əvəz edir»[Muslim].
Duha namazının rükətlərinin ən az sayı ikidir. Çoxu isə səkkizdir.
Ummu Hani deyir ki, «Peyğəmbər ﷺ Məkkənin fəthi günündə evində çimdi və səkkiz rükət namaz (duha) qıldı»[Buxari].
Bu namazı qılmaq üçün ən yaxşı vaxt.
Zeyd b. Ərqam deyir ki, Peyğəmbər ﷺ Quba (Mədinədəyi məşhur Qubə məscidi) camaatının yanına gələndə onlar duha namazını qılırdılar. Bu zaman Allahın elçisi dedi: «Əvvabinlərin (tövbə edənlərin) namazı, duha zamanı dəvə balasının isinişən (günəş şüalarının bədəni qızışdırdığı / günəş çıxıb yüksəldikdən, zöhrə təxminən 1 saat qalmışa qədər) vaxtıdır»[Muslim].
www.islamevi.az