featured-image-1645

Peyğəmbər (s.a.s.) namazı necə qılardı?[1]
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmaq istədikdə ayaq üstə, sütrəyə[2] yaxın dayanıb Kəbəyə tərəf yönələrdi. (Niyyəti qəlbində edərdi.) Çünki o daim deyərdi ki, «Həqiqətən əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır».

Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) “Allahu Əkbər” deyib namaza başlayardı. Təkbirlə bərabər əllərini də qaldırardı. Sonra sağ əlini sol əlinin üstünə, sinəsinin üzərinə qoyardı. Sonra gözünü yerə dikərdi. Sonra qiraətini bir neçə müxtəlif dua ilə başlayardı. Həmin dualarda Allaha həmd-səna edər, Onu mədh edib, şəninə tərif deyərdi. Sonra, “Əuzu billəhi minəş şeytanir rəcim” — deyib, Allahın mərhəmətindən məhrum olmuş şeytanın şərrindən Allaha sığınardı. Sonra qeyri aşkar şəkildə, “Bismilləhir Rəhmanir Rəhim” — deyərdi. Sonra “əl-Fatihə” surəsini ayə-ayə oxuyardı. Fatihəni bitirdikdən sonra aşkar və uzun səslə “Amin” deyərdi. Fatihədən sonra başqa surə oxyardı. Bəzən uzun, bəzən də qısa surələrdən oxuyardı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sübh namazında, məğrib və işa namazlarının ilk iki rükətlərində qiraətini səslə edərdi. Zöhr və əsr namazlarını, məğrib namazının üçüncü, işa namazının isə son iki rükətini səssiz oxuyardı.
İstisqa, Küsuf, Cümə və iki bayram namazlarında da səslə oxuyardı. Namazın son iki rükətini, ilk iki rükətindən onun yarısı qədər qısa edərdi. Təxminən on beş ayə miqdarında oxuyar, bəzən yalnız fatihəni oxuyardı.
Qiraətini bitirdikdən sonra bir müddət susar, sonra əllərini qaldırıb təkbir edərək rükuya gedər. Rüku zamanı ovuclarını dizlərinə qoyardı. Əl barmaqlarını aralı tutar, onları diz qapaqlarına elə bərkidərdi ki, sanki dizlərindən yapışmışdır.
Rüku zamanı dirsəklərini böyürlərindən aralı tutar, belini düz saxlayardı. Əgər belinə su tökülsəydi, dağılmazdı.
O rükuda rahatlaşdıqdan sonra, üç dəfə “Sübhanə rəbbiyəl azim” deyərdi. Rüku zamanı digər zikr və duaları da oxuyardı. Bəzən birini, bəzən də başqasını oxuyardı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rüku və səcdədə Quran oxumağı qadağan edərdi.
Sonra, “Səmiəllahu limən həmidəh” deyərək qamətini rükudan qaldırardı. Bu zaman əllərini də qaldırardı. Qamətini tam düzəltdikdən sonra, “Rəbbənə və ləkəl həmd” deyərdi. Bəzən bu duaya əlavə də edərdi. Sonra təkbir edib səcdəyə gedərdi. O, səcdəyə gedərkən əllərini dizlərindən öncə yerə qoyardı. Əl barmaqlarını açılmış, bir-birinə sıx şəkildə qibləyə tərəf yönəldər və ovuclarını yerə qoyaraq onun vasitəsi ilə oturub-durardı. Səcdə zamanı əllərini çiyinləri, bəzən də qulaqları səviyyəsində tutardı. Alnını və burnunu tam şəkildə yerə qoyar və belə deyərdi: «Mənə yeddi əza üzərində səcdə etmək əmr olunmuşdur. Həmin əzalar: Alın, sonra burnuna da işarə etdi. İki əl, iki diz və iki ayağın baş tərəfi». Həmçinin deyərdi: «Burnunu alnı kimi yerə qoymayanın namazı düzgün olmaz». Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səcdədə tam rahatlanar və üç dəfə “Sübhanə rəbbiyəl alə” deyərdi. Bu zaman digər zikr və duaları da oxuyardı. Bəzən birini, bəzən də başqasını oxuyardı. Səcdə zamanı çoxlu dua etməyi əmr edərdi. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təkbir edib başını səcdədən qaldırar, sol ayağını yerə yatırıb onun üzərində rahat oturardı. Sağ ayağını isə dik tutar, ayaq barmaqlarını qibləyə tərəf istiqamətləndirərdi. Bu zaman, “Allahumməğfir li vərhəmni, vəcburni, vərfəni, vəhdini, vəafini, vərzuqni” – deyərdi. Sonra təkbir edib, birinci səcdəni etdiyi kimi, ikinci səcdəni edərdi. Sonra təkbir edib sol ayağı üzərində rahat oturar, bütün oynaqları öz yerini tapana qədər gözləyərdi. Sonra yerə dayaqlanıb ikinci rükətə qalxardı. İkinci rükəti birinci kimi qılardı. Yalnız ikinci rükəti birincidən qısa edərdi.
İkinci rükəti bitirdikdən sonra təşəhhüd etmək üçün oturardı. Namaz ikirükətli olduqda, iki səcdə arası oturduğu kimi oturardı. Bu oturuş “Iftiraş” adlanır. Üçrükətli və dördrükətli namazların birinci təşəhhüdündə də belə oturardı. Təşəhhüddə oturarkən sağ ovucunu sağ dizinə, sol ovucunu isə sol dizinə qoyardı. Sol əlini düz, sağ əlini isə yumardı. Yalnız sağ əlinin şəhadət barmağını qibləyə tərəf işarə edər və gözünü ona dikərdi. O barmağını tərpədər və dua edərdi. Belə ki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Bu, yəni, şəhadət barmağı şeytan üçün dəmirdən də pisdir».
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər iki rükətdən sonra “Təhiyyat” duasını oxuyar, həm birinci həm də digər təşəhhüd zamanı özünə salavat deyərdi. O, ümmətinə belə etməyi əmr edərdi. Həmçinin Peyğəmbər namazında müxtəlif dualarla dua edərdi. Sonra “Əssəlamu aleykum və rəhmətullah” —deyərək, sağ və sol tərəfinə salam verərdi. Bəzən sağ tərəfə salam verərkən “və bərəkətuhu” sözlərini əlavə edərdi.

___________________________________________________________
[1] Bu bölüm şeyx Albaninin “Sifəti Salət ən-Nəbiy” adlı kitabından ixtisar edilmişdir.
[2] Sütrə, namaz qılanın başqalarının onun qarşısından keçməməsi üçün önünə qoyduğu hər hansı maneədir.

————–
Hazırlayan:
Rahim Muradlı

Bənzər Məqalələr