featured-image-1630

Hər şeydən öncə Allaha həmd edir, Onun elçisinə Allahın xeyir-duası və salamı olsun deyirik. Beləliklə, Cəhənnəm zəlillik və həqarət, əzab və alçaqlıq, bədbəxtçilik və müsibət, peşmançılıq və hönkürtü, şiddətli əzab və ağır cəza, böyük rüsvayçılıq və açıq-aşkar həlak diyarıdır ki, bunu Allah-taala öz düşmənləri və Ona qarşı üsyan edənlər üçün hazırlamışdır.

Artıq Allah-taala və Onun elçisi bizi Cəhənnəmlə qorxutmuşdur. Allah-taala Qurani-Kərimdə belə buyurur: «(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum». Digər ayələrdə isə belə deyilir: «(Cəhənnəm) böyük bəlalardan biridir! (O, Allahın əzabı ilə) qorxudur insanları». Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) isə özünün bir hədisində: «Sizi atəşlə qorxutdum, sizi atəşlə qorxutdum, sizi atəşlə qorxutdum» — demiş və bunu söyləyərkən səsinin tonu hətta bazar əhlinin eşidəcəyi dərəcədə ucalmış,
Bir çox insanların dünyanın naz-nemətinə aludə olub Allahın itaətindən uzaqlaşdığını, həddini aşaraq günahlar aləminə qərq olduğunu görüb həm özümüz, həm də həmin kəslər üçün Cəhənnəm atəşini və Allah-taalanın orada öz düşmənləri üçün hazırladığı müxtəlif cür cəza, əzab və rəzillik tədbirlərini vəsf etmək qərarına gəldik ki, bizə ancaq günah işlər görməyi əmr edən nəfslərimizə qalib gələk və tezliklə zəfərə və haqq yoluna qhvuşaq.
Allahdan diləyimiz budur ki, bizi Cəhənnəm atəşindən qorusun və bizimlə onun arasında Öz rəhmət və kəramətindən bir hicab yaratsın.

MƏHŞƏR AYAĞINDA

İnsanlar məhşər ayağında olarkən hər kəsin başı öz halına qarışacaq, bədənlər tər içində, günvurmadan onlar sanki, sərxoş halında olacaqlar. Lakin bu heç də sərxoşluq halı deyildir. Məhşərin dəhşətli mənzərəsindən ayaqlar titrəyəcək, ürəklər sanki yerindən qopacaq və insanlar təlaşdan başlarını itirəcəklər. «Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!»
Belə bir dəhşətli şəraitdə insan yetmiş min kəndirlə cilovlanmış və hər bir kəndirdən yetmiş min mələyin dartdığı Cəhənnəmə gətirilir. İnsan Cəhənnəmin bağırtısı altında oraya atılır, sonra isə əzab mələkləri Cəhənnəmi bağlayırlar. Bu barədə Allah-taala Qurani-Kərimdə belə buyurur: «Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!», «Cəhənnəm də azğınlara göstərilər», «O gün Biz Cəhənnəmi (gətirib) kafirlərə əyanən göstərərik».
Həmin vaxt insan öz zəhmətini xatırlayacaqdır. Ona dünyada olarkən etdiyi əməllər göstəriləcəkdir. Sonra o dünya malını, dünya eşqini yada salacaq və bütün bunların ona bu günü necə unutdurmasını düşünəcəkdir. Lakin bu xatiratlar və əməllərin göstərilməsi peşmançılıqdan və həsrətdən başqa heç bir şey gətirməyəcəkdir. Bu mənzərə barədə Allah-taala Quranda belə buyurur: «Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!».
Budur sənin dünyada barəsində qafil olduğun vəd olunmuş vaxt! Budur sənin hesaba almadığın yer! Budur sənin gözləmədiyin və dünyada səni maraqlandırmayan sonluq!
Həmin gün Cəhənnəm əhlinin üzüstə sürüklənib gətiriləcəyi mənzərə bizlərə göstəriləcəkdir. Bu barədə Allah-taala Quranda buyurur: «Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir».
Həqiqətən də bu dəhşətli, rəzil, ürəkləri qopardan, həlim xasiyyətli insanları heyrətləndirən bir mənzərədir. Bu barədə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurur: «İnsanlar üç yol üzərində məhşərə çəkiləcəklər: istəyənlər və qorxanlar. İki nəfər, üç nəfər, dörd nəfər, hətta on nəfər dəvə belində olacaqdır. Qalanlarını isə Cəhənnəm özünə toplayacaq, onlarla gecələyəcək, onlarla dincələcək, onlarla sabahlayacaq, onlarla axşamlayacaqdır». (Buxari və Müslim).

Bənzər Məqalələr