featured-image-1625

ALLAH`a həmd olsun. Sözlərə Ona həmd edərək başlayırlar. ALLAH`a həmd olsun. Hər şeyin əvvəli və sonu Ona həmd etməklə doğru olar. ALLAH`a həmd olsun. Böyük ibadət mövsümləri Ona həmdlə bağlanır. Nemətlərinin artmasını diləyərək Ona, həmd edirəm. Söyləyənini ən böyük məqamlara çıxaran şükrlə Ona şükr edirəm. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, Təkdir və şəriki yoxdur. əl-MƏLİK, əl-QUDDUS, əs-SƏLAM`dır.

Qullarından dilədiyinə gözəl oruc tutmağı və namaz qılmağı ehsan edəndir. Şəhadət edirəm ki, peyğəmbərimiz Muhəmməd, ALLAH`ın qulu və Rəsuludur. ALLAH Ona, dəyərli ailəsinə, öndər imamlar olan səhabələrinə, tabiinə və onlara tabe olanlara xeyir-dua etsin.
Ey ALLAH`ın qulları!.. Sizlərə və özümə ALLAH`dan layiqincə qorxmağı tövsiyə edirəm. Çünki, ALLAH`dan layiqincə qorxmaq, sarsılmaz əlaqə, qəlbləri və anlayışları aydınladan məşəldir. Ona sahib olan, ən şərəfli mərtəbələrə çatır və onun ən yüksək istəkləri həyata keçir, aqibəti etibarlı olur və bəlaların şərindən qorunur.
Ey müsəlmanlar! Millətlərin tarixini tədqiq edən və mədəniyyətlərlə məşğul olan insan, hər bir mədəniyyətin dəyişikliklər keçirdiyini, başlanğıclarının və sonlarının olduğunu bilir. Günlər, gecələr, aylar və illər də belədir. Bu dəyişməz bir qaydadır. ALLAH , gecəni və gündüzü bir-biri arxasınca gətirir və bunda da bəsirət sahibləri üçün bir ibrət vardır.
İslam qardaşları! Əziz qonağın evinizə gəlməsi və aranıza girməsi, fəzilət və ehsanı ilə sizləri əhatə etməsi, yaxşılığından sizlərə də verməsi, sizi sevməsi, sizin də onu sevməyiniz, sizə yaxınlıq etməsi, sizin də ona yaxınlıq etməyiniz, sonra da ayrılıq vaxtının gəlməsi haqqında nə düşünürsünüz? Siz ondan hansı hisslərlə ayrılarsınız? Vidalaşma anı hüzn hissi yaratdıqda, gözləri yaşartdıqda, üzüntü olduqda, xüsusilə də sevən insan sevdiyindən ayrıldıqda bu vidalaşma necə olar? İslam ümmətinin bu günlərdə əziz qonağı və sevimli qonağından ayrılmasından daha hüznlü, daha ağır ayrılıq ola bilərmi? Bu ay, yaxşılıq, comərdlik, ehsan, Quran, bağışlanma və cəhənnəmdən azad olma ayıdır. ALLAH sizə kömək olsun!
Ey ALLAH`ın qulları! Ramazan ayı vidalaşmağa hazırlaşır. Səfər və ayrılıq ya¬xınlaşmışdır. Çadırlar toplandı, günlər bitdi və köç vaxtı yaxınlaşdı. Çox az qaldı. Dünən gəlməsini qeyd etdiyimiz və ALLAH`dan bizi ona qovuşdurmasını dilədiyimiz halda bu gün sona çatması səbəbilə vidalaşır və ALLAH`dan ibadətlərimizi qəbul etməsini diləyirik.
Bu mübarək ayda bəzi insanlar yaxşılıq, bəziləri isə pislik etdi. O, etdiyimiz əməllərə görə bizim lehimizə və ya əleyhimizə şahiddir. Oruclarında və namazlarında, yaxşılıq və ehsanlarında davam edənlərin lehinə şahiddir. Qəflətləri və üz döndərmələri, xəsislikləri və üsyanları səbəbilə də saleh əməl sahibi olmayanların əleyhinə şahiddir. Bilmirəm, onu bir daha dərk edəcəyikmi? Yoxsa aramıza bizi ləzzətlərdən, insanları isə bir-birindən ayıran ölüm gələcək? Şübhəsiz ki, bu mübarək ayda xoşbəxt olan, sonda ibadətlərini tamamlayan, səmimi olaraq nəfsini hesaba çəkən, tövbə və istiğfar edəndir. Çünki, əməllər sonlarına görə dəyərləndirilir.
İman qardaşlarım!.. Keçmiş alimlər (ALLAH onlara rəhmət etsin) ibadəti layiqincə yerinə yetirərək tamamlamağa çalışır, sonra da qəbul edilməsinə əhəmiyyət verirdilər. Rədd edilməsindən qorxardılar.
Əli ibn Əbi Talıb (r.a) belə deyir:
“Sizin əmələ diqqət yetirməyinizdən daha çox onlar, əməlin qəbul edilməsinə əhəmiyyət verirdilər.
UCA ALLAH`ın bu ayəsini eşitmədinizmi?
“…ALLAH yalnız müttəqilərdən (qurban) qəbul edər!”(əl-Maidə surəsi, 5/27)

Malik ibn Dinar belə deyir: “Əməlin qəbul edilməməsindən qorxmaq, əməldən da¬ha ağırdır.” Fadalə ibn Ubeyd belə deyir: “Bilsəm ki, ALLAH məndən bir yaxşı əməli qəbul edəcək, bu mənə dünya və onda olanlardan daha sevimli olar.” ALLAH`u Əkbər! Bu da səmimi insanların halı!..
Oruc və namaz ayına salam olsun! Təravih və Quran, zikr və təsbih ayına salam olsun. Bir göz qırpımında gəlib keçdi. Bu xeyirli əməllərdə yarışanlar üçün bir ya¬rış meydanıydı. O indi çarəsiz gedir. Onun qalan vaxtlarından faydalanın, onu boş keçirməyin. Digər aylarda Ramazan ayının fəzilətini geri qaytarmaq olmaz. O, qəlblərin təmizləndiyi, günahların bağışlandığı və qorxanların sığınacağı aydır. Axan göz yaşları, iniltilər və dərin düşüncələr ayıdır. O ayda nə çox yalvaran əl havaya qalxır, göz yaşları axır, qəlblər titrəyir, incə və coşğun hisslər hərəkətə gəlir.
O ayda UCA ALLAH qullarına lütfündən və kərəmindən nə çox yağdırır. Onlara nə çox rəhmət, məğfirət və azadlıq bağışlayır. Xüsusilə də sonda…
Ey ALLAH`ın qulları!.. Bu ayda bağışlanmayan nə zaman bağışlanacaq? Qədr ge¬cəsində qəbul edilməyən dua nə zaman qəbul edilər? Hafiz ibn Rəcəb, Əli ibn Əbi Talibin (r.a)Ramazanın son gecəsi belə dediyini nəql edir:
“Kimin ibadəti qəbul edilib, onu təbrik edim, kim bundan məhrum olub, ona başsağlığı verək!” Ey ibadətləri qəbul edilənlər! Sizləri təbrik edirik! Ey ibadətləri rədd edilənlər! ALLAH müsibətinizi götürsün! Ramazan ayının xeyrini əldən verən nə çox şey itirdi… Ramazanda xeyirli əməllərdən məhrum olan nə əldə edə bilər?. Əməli qəbul edilənlə qəbul edilməyən arasındakı fərq nə qədər də böyükdür!. Ramazanda əməllərini düzəltməyən nə zaman düzəldər? Qəflət və cəhalət xəstəliklərinə tutulanlar nə zaman xilas olar?
Çox təəssüf ki, bu ay keçib getdi. Çalışanlar cənnəti qazandı. Ey böyük günah sahibləri! Bu dəyərli günlərdə cəhənnəmdən azad edilən ALLAH`a and olsun ki, böyük mükafat və böyük nemət qazanmışdır. Gündüzlərində ibadətə diqqət yetirənlərin o şövqü, gecəsində ibadət edənlərin narahatlığı harada qaldı? Ey ALLAH`ın cəhənnəmdən azad etdiyi insan! Azad olduqdan sonra yenidən günahların əsiri olmaqdan çəkin! Mövlan səni cəhənnəmdən uzaqlaşdırdığı halda sən yenə də ona yaxınlaşırsan? O səni oradan xilas etdiyi halda, sən özünü oraya atır və bundan əl çəkmirsən? Müsibəti ağır, matəmi böyük olan qafil insanın ağlamasının nə faydası var? Bu məsələlərdə diqqətli olun. Bəlkə də, bəziniz növbəti ilə qalmayacaq və əcəl buna izn verməyəcəkdir. Bu ayda xilas və səadəti qazanan nə xoşbəxt insandır. Bu qənimətləri və qazancları əldən verən nə yazıq insandır! Bu ayın sonu yaxınlaşdı. Yenidən onun gəlməsini istəyən bəlkə də bu imkanı əldə edə bilməyəcək. Ey bixəbər insan! Fürsəti əldən vermə və ALLAH`a ibadət et. Ey qafil insan! Yuxudan oyan və yaşadığın fəlakətlərə bax! Bu ayın çirkin günahlarla əleyhinə şahidlik etməsindən çəkin! Sonunun gözəl olmasına çalış. Çünki ibadətdə mühüm olan nəticə gözəlliyidir.
Ey İslam ümməti! Orucun insan nəfsindəki təsirləri nədir? Vəziyyətimizə nəzər yetirək. Özümüzün və ümmətimizin nə halda olduğunu düşünək. Bu ayın əvvəlindəki, halımızla sondakı halımızı müqayisə edək. Qəlblərimiz təqva ilə zənginləşdimi? Əməllərimiz, əxlaqımız və davranışlarımız düzəldimi? Ümmətin düşmənləri qarşısında cərgələrimizi birləşdirib tək səs olduqmu? Nəfslərimizdəki, kin və qərəzlər silindimi? Cəmiyyətimizdə pisliklər və haramlar yox oldumu?
Ey müsəlmanlar! Ey orucu və namazı ilə RƏBB`inin çağırışına cavab verənlər! Digər günlərdə və ibadətlərdə də Onun çağırışına cavab verin! Qəlblər UCA ALLAH`ın zikrinə boyun əyib, Quran və sünnədə birləşsə, ümmət çətinliklərdən xilas olar.
Bütün İslam ümməti bilməlidir ki, ateizm və bütpərəstlik, azğınlıq və dəyişikliklərlə dalğalanan dünyada təcili xilas yalnız doğru İslam əqidəsinə bağlı olmaqdan asılıdır. ALLAH`a and olsun ki, əqidənin və əxlaqın pozulması sabit inanc meyarlarının və şəriət qaydalarının tərk edilməsi millətlərin zəifləməsinin və mədəniyyətlərin çökməsinin əsas səbəbidir. Bu, bütün bir ümmətin məsuliyyətidir. Görəsən, müsəlmanlar əqidələrinin dəyərini biləcəklərmi? Ölkələrin və insanların xeyri üçün keçmiş alimlərin yolunda birləşəcəklərmi? Ümid edilən budur və bizim vəzifəmiz səmimi olaraq çalışmaqdır.
Hamımız ALLAH`dan namazı, orucu və duanı qəbul etməsini, lütf və kərəmi ilə bizləri bağışlamasını və cəhənnəmdən azad etməsini bu aydan ayrılmağın yarasını sarmasını və illər boyu bizləri ona yenidən qovuşdurmasını diləyirik. Bu ay İslam ümmətinə şərəf və zəfərlə gələrkən, dünya dövlətləri arasındakı dəyərinə qovuşduğu zaman yeni¬dən gəlməsini diləyirik. O, nemət verənlərin ən comərdidir. Bu sözümü deyir və ALLAH`dan özüm üçün, bütün müsəlman kişi və qadınlar üçün hər günah və xətadan bağışlanma diləyirəm. Siz də Ondan bağışlanma diləyin və Ona tövbə edin! Şübhəsiz ki, O, tövbə edənləri bağışlayandır.
Neməti ilə saleh əməlləri tamamlayan, ehsanı ilə dərəcələrə yüksəldən və günahları bağışlayan ALLAH`a həmd olsun. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. O, ehtiyacları ödəyən, gizli olanları biləndir. Şəhadət edirəm ki, peyğəmbərimiz Muhəmməd ALLAH`ın qulu və Rəsuludur. ALLAH Ona, ailəsinə, fəzilət və kəramət sahibi səhabələrinə, tabiinə və onlara tabe olanlara yer və göylər var olduqca, xeyir-dua etsin, onları mübarək qılsın.
Ey ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxun. Bu ayla saleh əməllə vidalaşın ki, hər şeyi bilən hökmdar ALLAH dərgahında sizin lehinizə şahidlik etsin. Ondan ayrılarkən onunla ən təmiz salamla vidalaşın. Təqva sahiblərinin qəlbləri bu ayın intizarını çəkir, onun ayrılığına üzülür və kədərlənir. Mömin yenidən ona qovuşması üçün ömrünün qalıbqalmadığını bilmədiyinə görə ondan ayrılmasına necə ağlamasın? Onu sevənlərin qəlbləri ondan ayrılmağın kədəri ilə parçalanır. Onun sevgisi ilə göz yaşları axır. ALLAH bizə kömək olsun. Çünki, yalnız O, müvəffəq qılandır.
Ey oruclu qardaşlar! Mövlanız sizlər üçün bu ayın sonunda yerinə yetirəcəyiniz bəzi əməlləri bildirmişdir. Bunlar əksiklikləri tamamlayır, qüsurları örtür. Əcrinizi və savabınızı artırır. Sizləri bu ayın sonunda istiğfara, tövbəyə və şükr etməyə sövq edər.
“… ALLAH sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“ALLAH`u əkbər” deməklə) təzim və şükür edəsiniz.”(əl-Bəqərə surəsi, 2/185.)
Həmçinin sizlərə fitrə zəkatını da fərz qılmışdır. Bu zəkat, oruca və namaza müvəffəq qıldığı üçün ALLAH`a şükürdür. Bu, oruc tutanın boş və pis sözdən təmizlənməsı, yetimləri doyurmaq, müsəlmanlar arasındakı, qardaşlıq və dostluq hisslərini oyandırmaq üçündür. Fitrə zəkatı buğda və buna bənzər qidalardan, düyü kimi hər ölkənin şəraitində bitən bitkidən bir sa, yəni (2.917 kq) verilir.
Fitrə sədəqəsı kiçikdən böyüyə, qadından kişiyə hər kəsə fərzdir. Bu, Əbu Sə`id və Abdullah ibn Ömər (r.a)vasitəsilə rəvayət edilən hədislərdə bildirilmişdir: Ana bətnindəki körpə üçün də fitrə sədəqəsı vermək müstəhəbdir. Ən fəzilətlisi olanı bayram günü səhər namazı ilə bayram namazı arasında verməkdir. Bayramdan bir və ya iki gün əvvəl verilsə də olar. Sünnə olan, Rəsulullahın (sav) hədisində və Sələfi Salehin tətbiq etməsındə görüldüyü kimi qida kimi verilməsidir. Ömər ibn Abdulaziz (r.a) Ramazan ayının sonunda vilayətlərə yazı göndərərək, onlara Ramazan ayını istiğfar (bağışlanma diləmək) və fitrə sədəqəsı ilə tamamlamaqlarını əmr edirdi. Fitrə sədəqəsini səmimi verin. Çünki, ALLAH sizə çox vermiş, sizdən isə az bir şey verməyinizi istəyir.
Ey qardaşlar! Ömrünüzün qalan hissəsində saleh əməllərə davam edin və dözümlü olun. Xeyirli əməllərdə yolunuza davam edin və saleh əməllərə doğru addım atın ki, Uca Mövlanın rizasını qazanasınız. Sizin daim edəcəyiniz saleh əməllər, beş vaxt fərz namazdan başqa namaz, oruc və sədəqə kimi nafilə ibadətlər, digər saleh əməllər vardır. Bilin ki, mübarək Ramazan ayı bitsə də, möminin əməli ölənə qədər bitməz. Yaxşı əməlin qəbul edilməsinin bir dəlili də o yaxşı əməlin arxasınca başqa yax¬şı əməlin gəlməsidir. Ayların RƏBB`i birdir və O, sizin əməllərinizi görür. UCA ALLAH`ı yalnız Ramazanda xatırlayanlar nə pis insanlardır. Lütfü və kərəmi ilə rəhbərlərin xeyrini və hidayətini artırsın. Harəmi Şərifə və ziyarətçilərinə xidmətə, dünyanın hər yerində müsəlmanların problemləri ilə maraqlanmağa davam etmələrini nəsib etsin. Əvvəldə və sonda, gizli və aşkar hallarda şükür ALLAH`adır. Qiyamətə qədər Ona sonsuz şükürlər olsun.
Bütün bunlardan sonra bilin ki, əməllərinizin ən xeyirlilərindən və ALLAH dərgahında ən təmizlərindən biri də rəhmət və hidayət Peyğəmbəri Muhəmməd ibn Ab¬dul¬laha çox xeyir-dua etməyinizdir. ALLAH sizlərə bunu əmr edərək belə buyurur:
“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!”
(əl-Əhzab surəsi, 33/56.)

Abdu`r-RAHMAN əs-Sudeys
29.09.1422 hicri

Bənzər Məqalələr