featured-image-1615

1.Ailə münaqişələri

2.Qadının özbaşınalığının müalicəsi

3.Kişinin özbaşınalığının müalicəsi

4.Ərlə arvad arasında münaqişə böyüdükdə nə etmək lazımdır?

5.Allahın sənə halal etdiyini, nə üçün özünə haram edirsən?

Ailə münaqişələri
Elə bir ailə yoxdur ki, orada problem və ya münaqişə olmasın. Lakin ailələr, baş verən problemlərin və münaqişələrin böyüklüyünə görə fərqlənirlər. İslam şəriəti, ailə problemlərini öz aralarında həll etmələri üçün ərlə arvadı bu işə təşviq etmiş, hər birinə məsələnin qarşılıqlı həlli yollarını örətmişdir. Hətta İslam şəriəti problemləri yetişməmiş həll etməyə təşviq etmişdir. Uca Allah buyurur: «…(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün!…»[1].
Digər ayədə isə belə buyurur: «Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir…»[2]
İslam metodikası özbaşınalığın baş verməsini, asiliyin aşkara çıxmasını, ailə bağlılığının qırılmasını və iki hissəyə bölünməsini gözləmir. Çünki bu həddə çatan problem çox az hallarda öz müsbət həllini tapır. Ona görə özbaşınalıq baş vermədən öncə onu doğuran səbəblərin qarşısı dərhal alınmalıdır. Çünki özbaşınalıq, bu həssas müəssisənin dağılması, orada rahatlığın pozulması, tərbiyə və hamiliyin fəsada uğraması ilə nəticələnir. Özbaşınalıq baş qaldırdıqdan sonra əldə olunan nəticə, müəssisənin məhv olması, orada böyüyənlərin ayrılması, yaxud onların nəfsi, psixi və əsəbi mühitdə tərbiyə almaları və sonda isə yararsız hala düşmələridir.
Məsələ çox təhlükəli olduğundan dolayı, özbaşınalıq hələ uzaqdaykən onun baş vermə əlamətlərini lazımı tədbirlərlə əvvəlcədən həll etmək lazımdır.

Qadının özbaşınalığının müalicəsi
Uca Allah buyurur: «…(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!»[3].
Ayədəki «nəsihət edin» – sözü ilk müalicə üsuludur. Bu, ailə başçısının boynuna düşən ilk vacib hərəkətdir. Bu, qoruyucu bir əməldir və bunun hər bir işdə edilməsi məqsədəuyğundur. Uca Allah buyurur: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır…»[4]. Bu mövzuda edilən nəsihət xüsusi olaraq müəyyən bir istiqamətdə edilir. O da, özbaşınalıq böyüməmiş onun səbəblərini aradan qaldırmaqdır.
Lakin ola bilər nəsihət etmək öz faydasını verməsin. Çünki belə halda nəsihətə qalib gələn nəfsi istəklər, yaxud yerə-göyə sığmayan təkəbbürlük, gözəlliklə, mal-dövlətlə, ailə şərəfi və ya hər hansı dəyərlə öyünmə halları, mövcuddur. Hansıki bu hallar qadına müəssisədə ortaq olduğunu unutdurur. Axı bu ortaqlıq şan-şöhrətdə və ya yarışmada deyil. Ona görə ikinci müalicə üsulu meydana gəlir. Bu, qadına özünü kişidən üstün tutmağa və müəssisədə şəriklik məqamından ağalığa keçməsinə təkan verən, onun öyündüyü gözəlliyə, cazibədarlığa və digər dəyərlərə qarşı kişi tərəfindən güclü iradə nümayişidir. Həmin ikinci üsul budur: «Onlardan yatağınızı ayırın». Yataq, cazibədarlıq məqamıdır. Amma özbaşınalıq həddinə çatmış qadın bu halda ən güclü ağalığa nail olur. Əgər kişi öz hisslərini bu cazibədarlığa qarşı boğa bilsə demək olar ki, özbaşınalıq edən qadının öyündüyü ən önəmli silahı onun əlindən almış olar.
Amma bu işin də öz ədəb qaydaları mövcuddur. Demək, yataq ayırmaq, aşkarda və qeyri tənhalıqda olmamalıdır. Bunu övladların yanında da etmək olmaz. Çünki bu, onlara şər və fəsadlı təəssüratlar bağışlayır. Həmçinin bu ayrılığı, yad insanlara bildirmək olmaz. Çünki bu hal, qadını alçaltmaq və ya onun şərəfini heç etmək kimi dəyərləndirilir. Nəticədə isə qadının özbaşınalığı daha da artır. Əslində bu işdən məqsəd qadının özbaşınalığının qarşısını almaqdır, onu alçaltmaq və ya uşaqları korlamaq deyil. Lakin ola bilər bu üsul da öz bəhrəsini verməsin. Belə halda dayanıb müəssisənin məhv olmasını gözləmək lazımdır? Bu xüsusda başqa bir üsul mövcuddur. Düzdür bu üsul bir qədər kobud olsa da, müəssisənin təmamilə dağılması ilə müqayisədə çox kiçik və yüngüldür.
Üçüncü üsul: «döyün». Ötən sözlərin mənalarını və məsələnin həlli üsullarında güdülən məqsədi nəzərə alsaq görərik ki, bu döymək, qadından intiqam alıb və ya bədxahlığına sevinib ona əzab vermək məqsədi ilə edilməməlidir. Həmçinin bu döymək, qadını təhqir etmək, alçaltmaq, güzəranından narazı olduğuna görə ona qarşı gələn nifrətdən dolayı olmamalıdır. Döymək tərbiyələndirmək məqsədi ilə, öz övladını tərbiyələndirən atanın, yaxud öz tələbəsini tərbiyələndirən tərbiyəçinin ədəb-ərkanına uyğun şəkildə həyata keçirilməlidir.
Bu müalicə üsulları özbaşınalıq tam baş qaldırmadan öncə həyata keçirilmək üçün təklif edilmiş və dərhal sonra bu işdən sui-istifadə etmək qadağan olunmuşdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ailəsində bunu əməli sünnəsi ilə göstərmiş, söz ilə nəsihət etmişdir. O, bu söz və hərəkətləri ilə həddi aşmağın qarşısını almış və bir çox səhv düşüncələri düzəltmişdir.
Müaviyə ibn Hiyəra (Allah ondan razı olsun) Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Qadınımızın bizim üzərimizdə olan haqqı nədir?
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «İstədiyi vaxt yedirtmək, istədiyi vaxt geyindirmək. Həmçinin üzünə vurmamaq, kobudluq etməmək və yalnız evdə olarkən yatağını ayırmaq»[5].
İyas ibn Abdullah ibn Əbu Zubab (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allahın qadın bəndələrini vurmayın». Bir müddət sonra Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi və dedi: «Qadınlar öz ərlərinə qarşı həddlərini aşıblar». Bundan sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınları vurmağa icazə verdi. Sonra bir çox qadınlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələrinin yanına gələrək öz ərlərindən şikayətləndilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu halı görüb dedi: «Bir çox qadınlar Muhəmmədin zövcələrinin yanına gələrək öz ərlərindən şikayətləniblər. Öz arvadlarını döyən kişilər heç də sizin xeyirliləriniz deyillər»[6].
Abdullah ibn Zəmə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşidib: «Biriniz arvadına yaxınlaşıb onu qul kimi döyür, sonra həmin günün sonunda onunla yaxınlıq edir?!»[7].
Hər halda bu üsulların icrasını dayandırmaq üçün məhdudiyyət vardır. Bu mərhələlərin hər hansında məqsəd hasil olarsa, sonrakı mərhələyə keçmək olmaz. «Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın…». Demək, məqsəd hasil olduqda səbəb dayandırılır. Bu isə bir daha göstərir ki, burada məqsəd, qadının itaətkarlıq göstərməsidir. İtaətkarlıq isə istəklə olmalıdır, nifrətlə yox. Çünki nifrətlə edilən itaət, ailə müəssisəsini qurmaq və birlik göstərmək üçün yararlı deyil.
Quran ayəsi göstərir ki, itaətkarlıq hasil olandan sonra bu üsulların tətbiqini davam etdirmək zülm, hökmranlıq və həddini aşmaqdır, «daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın…». Bu qadağadan sonra, Qurani Kərim özünün təşviq etmək və çəkindirmək metoduna uyğun olaraq, qəlblər rahat, başlar zəlil olsun, bəzən baş verən zülm və hökmranlıq hissləri buxarlansın deyə, Allah təalə Özünün ucalığını və böyüklüyünü xatırladır. «Əlbəttə, Allah ucadır, böyükdür!»[8].

Kişinin özbaşınalığının müalicəsi
Uca Allah buyurur: «Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən xəbərdardır!»[9]. İslam şəriəti ilk olaraq qadın tərəfindən ediləbiləcək özbaşınalıq və ailənin qorunması üçün lazımi tədbirlərin görülməsi haqqında qayda-qanunu tənzimlədi. İndi isə qadının əminamanlığını və hörmətini, ümumiyyətlə bütün ailəni təhdid edən, kişi tərəfindən ediləbiləcək özbaşınalıq hallarını tənzimləyir. Doğrudan da bəzən qəlblər çevrilir, hisslər dəyişir. İslam həyat düsturu olduğuna görə onun hər bir xırdalığını müalicə edir, əsasında qurub nizamladığı cəmiyyətin əsaslarına və görüşlərinə xələl gətirən hər bir amilə nəzər salır.
Qadın dəyərsiz edilib, dəyərsizlik nəticəsində – halal nemətlərin içərisində Allahın ən çox qəzəbinə gələn — boşanma ilə üzləşəcəyindən və ya asılı vəziyyətdə, nə tam boşanmış nə də tam evli kimi qalıb – tərk olunacağından qorxarsa bu halda həm arvad həm də ər özlərinin bəzi zəruri sayılan maddi və cismi haqlarından imtina edə bilərlər. Məsələn, qadın özünün haqqı olan xərcliyinin bir hissəsindən imtina edə, yaxud payına düşən gecələrin bəzisini həddiyə edə bilər. Təbii ki, əgər ərinin başqa arvadı varsa və o öz cazibədarlığını və cinsi yaşam müddətini itiribsə ərinin ikinci qadına daha çox meyil etdiyini nəzərə alıb bunu edə bilər.
Qadın bütün məsələlərə nəzər saldıqdan və əri ilə belə yaşamağın boşanmaqdan daha xeyirli olduğunu düşündükdən sonra onun tam sərbəst qərarı ilə edilir. «Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz». Bu, əvvəldə qeyd etdiyimiz sülh bağlantısıdır.
Bu hökmdən sonra uca Allah sülhün birmənalı olaraq, mübahisədən, kobudluqdan, ozbaşınalıqdan və talaqdan (boşamadan) daha xeyirli olmasını qeyd edir və deyir: «Çünki barışmaq daha xeyirlidir»[10].
Sonra kişi, bəzi hüquqlarından imtina etməklə ərini sevən və onunla qalmaq istəyən qadına qarşı gözəl davranmağa təşviq olunur. Bildirilir ki, Allah onun bu yaxşılığını bilir və buna görə ona böyük mükafat da verəcəkdir. Demək ayədə deyilir: «Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən xəbərdardır!».
Ayənin nazil olma səbəbi, Əbu Davudun rəvayətində qeyd olunur. Demək Hişam ibn Urvə atasından rəvayət edir ki, Aişə demişdir:
«Ey bacım oğlu, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizim yanımızda gecələmək baxımından birimizi digərindən fərqləndirməzdi. Elə gün olmazdı ki, o birimizin yanına daxil olmasın. Demək o, hər bir qadınına baş çəkər (hal-əhval tutar) sonda isə növbəsi olan zövcəsinin yanına daxil olar və orada gecələyərdi. Sovdə bint Zəmə (Allah ondan razı olsun) yaşa dolduqda Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu boşamasından ehtiyat edib dedi: Ey Allahın elçisi, mən öz günümü Aişəyə verirəm. O da onun bu təklifini qəbul etdi. Aişə deyir ki, uca Allah bu ayəni onun və onun vəziyyətində olanlar üçün nazil etmişdir. Rəvayətçi deyir ki, mənə elə gəlir o bu ayəni oxudu: «Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən xəbərdardır!» (ən-Nisa: 128)[11].

Ərlə arvad arasında münaqişə böyüdükdə nə etmək lazımdır?
Uca Allah buyurur: «(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!»[12].
Kişinin və ya qadının özbaşınalığının qarşısını almaq üçün qeyd etdiyimiz üsullar, özbaşınalıq tam baş qaldırmadan öncə əlamətləri görsəndiyi zaman atılan addımlardır. Amma özbaşınalıq baş qaldırdıqda artıq ötən üsullara əl atmağa ehtiyac yoxdur. Çünki belə halda deyilən üsulların səmərəsi və dəyəri yoxdur. Bu artıq iki mübahisəçi arasında savaş, bir-birinin başını əzmək deməkdir. Deyilən üsulların tətbiqində məqsəd və mətləb bu deyil. Həmçinin əgər hansısa tərəf deyilən üsulların fayda verməyəcəyini, əksinə, parçalanmanı və özbaşınalığı çoxaldacağını, hələ bağlı qalan düyünləri açacağını, yaxud bütün bu üsulların əsla faydasız olduğunu düşünərsə o zaman İslam şəriəti ailə müəssisəsini məhv olmaqdan qorumaq üçün çıxış yolu kimi sonuncu bir üsula əl atmağı buyurur: «(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin…».
Beləliklə İslam şəriəti özbaşınalıq və pozğunluğa təslim olmağa, yaxud tez-tələsik nikah bağlantısını qırmaqla böyüklü-kiçikli bir ailəni günahsız üzvləri ilə birlikdə parçalamağa dəvət etmir. Ailə müəssisəsi bir cəmiyyətin qurulmasında nə qədər əhəmiyyətlidirsə, İslam şəriəti üçün də bir o qədər dəyərlidir. Elə buna görə şəriət, ailənin inkişafı, tərəqqisi və uzunömürlü olması üçün onu təzə bina daşları ilə təmin edir.
Ailənin dağılma təhlükəsi anında və bunun gerçəkləşmə­sin­dən öncə şəriət bu sonuncu üsula müraciət edərək qadın tərəfdən onun razı qaldığı, kişi tərəfdən də onun razı qaldığı kimsəni münsif təyin etməyi buyurur. Münsiflər, sakit bir yerdə toplanıb ər-arvadı ayıran mənfi heysiyyatları, fikirləri, yaşam həyatında baş verənləri kənara qoymalı, həyat abu-həvasını korlayan, işləri dolaşığa salan, həssaslığına görə ərlə arvad arasında olan gözəl münasibətləri ört-basdır edib unutduran səbəblərdən uzaq olmalıdırlar. Münsiflər ailənin qorunmasına həris olmalı, körpə uşaqlara şəfqətlə baxmalı, belə hallarda ər-arvad arasında çox təsadüf edilən — hər hansı tərəfin qalib ayrılması fikrindən uzaq durmalı, ərlə arvadın, onların uşaqlarının və məhv olma təhlükəsi ilə üz-üzə dayanan müəssisələrinin acınacaqlı vəziyyətini fikirləşməlidirlər. Eyni zamanda onların ərlə arvad arasında olan sirləri qoruyacaqlarına əminlik vardır. Çünki onlar da həmin ailənin üzvləri olduqları üçün həmin sirləri yaymazlar. Belə ki, onların bu sirləri yaymaları onlar üçün heç bir xeyir vəd etmir. Əksinə onlar üçün bu sirlərin ört-basdır edilməsi daha xeyirlidir.
Demək, münsiflər ər-arvadı islah etmək cəhdi ilə toplanırlar. Əgər ərlə arvadın nəfsində islah olunmağa həqiqi meyl varsa və bu istəyin qarşısını alan yalnız qəzəb amilidirsə onda münsiflərin güclü nəfsi iradələri sayəsində uca Allah onların islah olunmasına və müvəffəqiyyət qazanmasına kömək olacaqdır. «Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar». Münsiflər islah etmək istəyirlər, Allah da onların bu istəklərini qəbul edir: «Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!»[13]

Allahın sənə halal etdiyini, nə üçün özünə haram edirsən?
Ənəs (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yaxınlıq etdiyi bir cariyəsi var idi. Aişə və Həfsa bu haqda o qədər Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müraciət etdilər ki, axırda o, bunu özünə haram etdi. Sonra uca Allah bu ayəni nazil etdi: «Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir![14]»[15]
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, əgər kişi arvadını özünə haram edərsə and sayılır və buna görə kəffarə verməlidir… Sonra bu ayəni oxudu: «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!»[16]
Kim öz arvadına, “sən mənə haramsan” — sözlərini deyərsə o andiçmə kəffarəsi verməlidir. Deyilən kəffarə uca Allahın bu ayəsində qeyd olunur: «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir…»[17].

[1] ən-Nisa: 34.
[2] ən-Nisa: 128.
[3] ən-Nisa: 34.
[4] ət-Təhrim: 6.
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1500. Əbu Davud: 6/ 180/ ? 2128. İbn Macə: 1/ 593/ ? 1850.
[6] Həsənun Səhih. Səhih Sünən İbn Macə: ? 1615. Əbu Davud: 6/ 183/ ? 2132. İbn Macə: 1/ 638/ ? 1985.
[7] Buxari: 8/ 705/ ? 4942. Müslim: 4/ 2091/ ? 2855. Tirmizi: 5/ 111/ ? 3401.
[8] Zilalul Quran: 2/ 358-362.
[9] ən-Nisa: 128.
[10] Zilalul Quran: 2/ 539.
[11] Həsənun Səhih: Səhih Sünən Əbu Davud: ? 1868. Əbu Davud: 6/ 172/ ? 2121.
[12] ən-Nisa: 35.
[13] Zilalul Quran: 2/ 263-264.
[14] ət-Təhrim: 1.
[15] Hədisin sənədi səhihdir. Səhih Sünən Nəsai: ? 3695. Nəsai: 7/ 71.
[16] Buxari: 9/ 374/ ? 5266. Müslim: 2/ 1100/ ? 1473. Rəvayətin mətni onundur.
[17] əl-Maidə: 89.

————-
Hazırlayan:
Rahim Muradlı

Bənzər Məqalələr