featured-image-1527

Açıq olan böyük günahlar zina, oğurluq, içki içmək kimi əzalarla edilən bötyük günahlardır. Gizli olanlar isə riya, təkəbbürlük kimi qəlblə edilən böyük günahlardır. Şübhəsiz ki, qəlblə edilən böyük günahlar orqanlarla edilən günahlardan daha təhlükəli və müalicəsi də digərindən daha çətindir.

Çünki bu cür günahlar yaxşılıqları da yeyir və cəzanı da vacid edir. Bəzi alimlər bu gizli böyük günahlardan bəhs edərkən bunları altımışa qədər saymış və bunları zina, oğurluq və s. kimi günahlardan daha pis saymışlar. Çünkü gizli olanlar daha zərərli, nəticəsi daha pis və qalandır. Onlara davam edilərsə insanda xarakter halına və qəlbində kök salır. Lakin orqanlarla edilə günahlar belə deyildir. Çünü onlar tövbə və istiğfarla, yaxşı əməllər etməklə və kəffarə olan müsibətlərlə silinərlər. «Heç şübhəsiz ki, yaxşılıqlar pislikləri yuyub aparar. Bu öyüd almaq istəyənlərə bir xatırlamadır». (Hud 114).

QƏLB XƏSTƏLİKLƏRİ VƏ ONLARIN MÜALİCƏSİ – Ey müsəlman qardaşım! Sən bilirsənmi ki, biz çox vaxtımızı zahiri görünüşümüzlə maraqlanmaqda keçiririk. Biz heç qəlb xəstəlikləri barəsində düşündükmü? Hansı ki, təhlükəsi zahiri xəstəliklərdən daha da şiddətlidir. Qəlb xəstəlikləri sahibini özü də bilmədən həlaka aparır. Beləliklə o, qəlb qara qəlbə çevrilir, bundan sonra nə yaxşını bilir, nə də münkəri inkar edir. Bunun üçün lazımı ehtiyatları edirikmi? Bunun üçün tədarük görürükmü? Allah qəlbləri təmizləməyi, paklaşdırmağı əmr etmiş və həmçinin də qəlbləri təmizləmək Muhəmməd risalətinin əsas qayələrindəndir. Allah Qurani Kərimdə kitabı və həmçinin də hikməti öyrənməkdən öncə bunun gətirmiş və nə qədər əhəmiyyətli olmasını bizə bəyan etmişdir. «Ummi ərəblərə özlərindən Peyğəmbər göndərən Odur. Bu Peyğəmbər əvvəllər haqq yoldan açıq-aydın azsalar da onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti (Quranı və şəriəti) öyrədər». (əl-Cumuə 2). Qəlb xəstəlikləri insanlar arasında geniş yayılmışdır. Kin-kudurət, həsəd, təkəbbürlük, xor baxmaq, istehza etmək, dünya və dünya şəhvətlərinə bağlanmaq, dünyanın insanların əsas dərdi olması, həmçinin qəlb xəstəliklərinin təzahüründən qəlbə namazın ağır gəlməsi, namaza daxil olduqda orada, xuşunu, mütiliyi hiss etməməsi, gizlidə, tək olduğu zaman Allahdan qorxunun zəifləməsi və gözlərdə quraqlığın yaranması (Allah qorxusundan gözdən yaşın çıxmaması), Quranı tərk etmək, hətta Quranı oxusa da belə qəlbin yumşalmaması, günah işlədiyi zaman günahına görə kədərlənməməsi. Həmçinin də qəlb insanın həyatında əsas yönəldici və qərar verəndir. Qərar verən qəlbdir və orqanlarda o, qərarı yerinə yetirirlər. Əgər qəlb xəstəliklərdən təmizlənərsə insan Rəbbinə haqqı ilə ibadət edər. Onun əxlaqı gözəlləşər və halı düzələr. O, insan səadət içində olar və başqalarını da səadətə aparar. Qulun istiqamət üzərə (doğru yolda) olması üçün ən böyük orqanizim qəlbdir. Çünkü bütün orqanların hökmüdarı odur və qəlbin istiqamət üzərə olmasıyla digər bütün orqanlar da istiqamət tapır. Qəlbin pozulması ilə birlikdə digər orqanlar da pozulur. İbn Həcər — rahmətullahi aleyhi — deyir ki: «Qəlbin bu cür olması onun bədənin padşahı olmasına görədir. Padşahın düzəlməsi ilə ətrafdakılar da düzəlir. Padşahın pozulması ilə ətrafdakıların da pozulması üzə çıxır»
(Fəthul Bəri 1/137)
Əgər qəlb xəstə olarsa o, istiqamətdən də yayınar. Qəlblərin xəstə olması onları şirk, küfr, münafiqlik, həsəd, riya və s. ilə dolu olmasına görədir. «Onların ürəyində nifaq və həsəd mərəzi vardır. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar». (əl-Bəqərə 10). «Onların qəlbində xəstəlikmi vardır?». (ən-Nur 50). «Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-kudurətini zahirə çıxartmayacaqdır». (Məhəmməd 29). Həmçinin əməllərin qəbul olunması, əcrinin böyük olması əməllərin çoxluğuna, onda baş verən yorğunluq və məşəqqətə görə deyildir. Yalnız qəlbdə olan ixlasa görədir. Qəlb nə qədər ixlaslı və təmiz olarsa o, insanın Rəbbi qatında dərəcəsi ucalar və Cənnətdəki dərəcəsi də yüksələr. «O, gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam, təmiz bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa». (əş-Şuəra 88-89).
QƏLBİN SAĞLAMLIĞININ ƏLAMƏTLƏRİ — Əgər qəlbin sağlam olduğunu bilmək istəyirsənsə onda sən bu əlamətlərə bax. Hansı ki, bu əlamətləri böyük həkim, mütəxəssis və qəlb həkimi sayılan İbn Qeyyim — rahmətullahi aleyhi — bunu zikr edir. Bu xəstəlikləri çox məharətlə və dəqiqliklə təyin etmişdir. Bizlər də qəlbimizi, özümüzü o, əməllərə ərz edək. Əgər bu əlamətlər bizdə varsa Allaha həmd edək, əgər yoxdursa o, xəstəlik qəlbi bürüməzdən əvvəl onun müalicəsinə tələsək. Əgər çoxalaraq qəlbi bürüyərsə artıq ondan sonra müalicə də xeyir verməz. 1. O, qəlb ki, sahibini daima Allaha itaətə, tövbəyə yönəldir. 2. O, insan Rəbbini zikr etməkdən yorulmur və həmçinin də Rəbbinə ibadətdən bezmir. 3. Onun gündəlik bir payı (ibadət, zikr, nafilə) ötdükdə o, kimsə bundan ağrı çəkir. Ağrı çəkir ki, bu gün filan ibadəti yerinə yetirmədim. Hətta malının, ailəsinin itməsindən də şiddətli ağrı keçirir. Görəsən gündəlik bir payı olmayan insan haqqında İbn Qeyyim — rahmətullahi aleyhi — nə deyərdi? O, kimsə ki, fərz namazını ötürür və bundan heç bir ağrı da çəkmir. Görəsən onun barəsində nə deyərdi? 4. İnsan ibadətdə ləzzət duyur. Elə bir ləzzətki, heç bir yemək, içmək onun yerini verə bilməz. Görəsən bizdən hər hansı birimiz ibadətdə bu ləzzəti duyuruqmu? Yoxsa ləzzəti ibadətdən çıxandan sonra duyuruq? 5. Namaza daxil olduğu zaman onun dünyəvi dərdləri yoxa çıxar. Biz isə namaza girdikdə bütün fikir və dərdlərimiz namazda toplanır. Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurduğu o, ləzzət, rahatlıq haradadır? Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Ey Bilal! Sən bizi namazla rahatlandır»
(Əbu Davud 4985)
» . Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurur ki: «Mən göz yaşlarımı, sevincimi namazda qoydum». Bir çoxlarının halı isə: «Ey imam! Bizi namazdan rahatlandır» deyərək səslənir. 6. İnsanın əsas dərdi Allah üçün olmalıdır. 7. İnsanın öz vaxtına xəsis olması, boş yerə sərf etdiyinə xəsis olmasıdır. Necə ki, xəsis insan öz malına xəsislik etdiyi kimi, sağlam insan da vaxtına bu kimi xəsis olmalıdır. 8. Onun əməlin özünə olan marağındansa, əməlin düzgün olmasına olan marağı daha güclü olmalıdır.
QƏLB XƏSTƏLİKLƏRİ — 1. Nifaq. Bu da xəstəliklərin ən təhlükəlisi və insan üçün axirət və aqibət tərəfdən ən şiddətlisidir. Heç kəs zənn etməsin ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — dövrü sonra çatmaqla, münafiqlərin (Abdullah b. Ubeyy b. Səlul və s) ölüb getməsi ilə nifaq yoxa çıxmışdır. Əksinə nifaq indi keçmişdə olandan daha təhlükəlidir. Nifaq söz əməllərini yerinə yetirməklə başlayır. Peyğəmbər — sallallahu aleyhi və səlləm — də onun əlamətlərini bəyan edərək: «Danışanda yalan danışar, əmanət veriləndə xəyanət edər, mübahisə etdikdə biabırçı sözlərə yol verər, əhd edəndə xəyanət edər»
(Buxari, Müslim)
» . Əgər insan bu sifətlərdə davam edərsə artıq bu günahlar onun qəlbinə yapışar və bunlar da insanı artıq etiqadı nifaqa – Allah qorusun! – gətirib çıxardar. 2. Riya. Riya gizli olduğuna görə təhlükəli xəstəliklərdəndir və həmçinin də onun əməli korlamasına böyük təsiri olduğuna görə və bundan da çox az adamın salamat olduğuna görə təhlükəli əməllər-dəndir. İnsan namaz qılır, lakin insanları gördüyü zaman namazını gözəlləşdirir, insanları görmədiyi zaman isə namazında təmbəl olur və ya namazını sürətli qılır. Bəzən də insanlar görsün deyə sədəqə verir və s. Bütün bunlarda da qəlbin xəstəliklərinə dəlalət edir. 3. Həsəd. İbn Teymiyyə — rahmətullahi aleyhi — deyir ki: «Həsəd qəlb xəstəliklərindən biridir və bundan xilas olan az bir qism insanlardır». «Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar?». (ən-Nisa 54). Lakin insanların bəziləri digərlərinə həsəd aparırlar. Allahın ona verdiyi mala, sağlamlığa, övlada, vəzifəyə görə və bunda da çox böyük təhlükə vardır. 4. Təkəbbürlük, insanın öz nəfsi ilə razı qalması və başqalarına xor baxması, istehza etməsi. «Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır». (əl-Əraf 146). «Şübhəsiz ki, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində ancaq bir təkəbbürlük vardır. Onlar heç vaxt ona çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən O, (hər şeyi) eşidən və görəndir». (əl-Mumin 56). Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Qəlbində zərrə qədər kibr (təkəbbürlük) olan kimsə Cənnətə daxil olmaz»
(Buxari, Müslim)
5. Nəfsi-istək və Allahdan qeyrisini sevmək. Bu da şiddətli bəlalardan biridir. Bu da qəlb üçün bir zəhərdir. İnsanın dostluğu, düşmənçiliyi, sevməsi və nifrət etməsi Allahdan qeyrisi üçün olarsa, şəxsi tamahı, istəyi üçün olarsa heç bir şübhə yoxdur ki, bu onu həlaka aparacaqdır. «Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?». (əl-Casiyə 23). Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Sizdən hər hansı bir kimsənin nəfsi-istəyi mənim gətirdiyimə uyğun olmadıqca iman gətirmiş olmaz»
(əl-Albani «Mişkətul Məsabih» 1/59 zəif hədis)
Sən özünə belə bir sual ilə müraciət edə bilərsən ki, mənim etdiyim hər əməl (sevmək, nifrət etmək və s) Allah üçündür, yoxsa Allahdan qeyrisi üçün? Sən bunu gündəlik həyatında müşahidə edə bilərsən. Buna görə də Sələflər deyirlər ki: «Əgər bir kimsə Allah dərgahında özünün dərəcəsini bilmək istəyirsə, baxsın özünə görə Allahın dərəcəsi necədir». 6. Qəlbin sərtliyi. Artıq bu xəstəlikdə çoxalmışdır. Çünki Allahın zikrindən qeyri kəlam çoxaldığına görə və haram mal, musiqi dinləmək, qeybət, çox gülmək, çox yatmaq, faydasız şeylərə baxmaq və faydasız şeylər danışmaq və başqa əməllər çoxaldığına görə qəlb də sərtləşir. «İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı? Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlar uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir». (əl-Hədid 16). «Məgər Allahın köksünü İslam dini üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi?). Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar». (əz-Zumər 22).
QƏLB XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ — 1. Qəlbin xəstəliyini etiraf etmək. Bu nəzəri bir müalicədir. Çünki bir insan ki, xəstəliyi etiraf etmirsə və ya onu qəbul etmirsə necə bu xəstəliyi müalicə edə bilər. 2. Şəri elmi öyrənmək. Quran Sünnəni bilmək. Sələflərin yazdıqları ktabları oxuyaraq qəlbi xəstəliklərdən təmizləmək. 3. Nəfsi hesaba çəkmək və tövbə etmək və daima özünü Allahın nəzarəti altında olduğunu hiss etmək. Elə bir insan yoxdur ki, böyük və ya kiçik günaha düşməsin. Lakin ağıllı insan o, kimsədir ki, günahı üzərində davam etməz. Dərhal tövbəyə tələsər. O, insan ki, öz sözlərini, əməllərini hesaba çəkir, sözlərini və əməllərini Quran və sünnəyə ərz edir. Əgər uyğun gələrsə Allaha həmd edir, əgər uyğun gəlməzsə tövbə edərək Allaha qayıdır. İbn Qeyyim deyir ki: «Hər bir insan yatmamışdan bir saat qabaq Allah xatirinə oturub gün ərzində etdiyi yaxşı və pis əməllərinə görə özünə hesabat verməli, sonra tövbə edib yatmalıdır»
(Ruh 1/345)
4. Allaha sadiq olmaq. İnsanın əməllərində ixlaslı olması. Sadəcə səbəbləri tutmaq qəlbin müalicəsi üçün kifayət deyildir. İnsan Rəbbi ilə sadiq olmalıdır. Qəlblərin açarı əlində olana əməlini ixlaslı etməli və bununla da ona yardım olunar. 5. Allahdan qorxmaq. İnsanın Allah qorxusunu hiss etməsi və Allahın onun üzərində qadir olduğunu, günah etdiyi zaman onu yaxalamaq qorxusu olmasını daima bilməlidir. Qorxmalıdır ki, baxanlar içərisində Allahın ən aşağı olmasından. Bu nə deməkdir? Görürsən ki, insan özü kimi bir məxluq baxdıqda günahdan çəkinir, lakin Allahın baxışı isə daima onun üzərindədir. İnsanların baxışı onun qəlbində Allahın baxışından daha böyük yer tutur. 6. Çoxlu saleh əməllər etmək. İnsan saleh əməlləri etməkdə həris olmalıdır. 7. Daima Allahı zikr etmək. Buna örə də müsəlmana əmr edilmişdir ki, daima dili Allahı zikr etməklə islah olsun. 8. Dua etmək. Bu da möminin silahı və sığınacaq yeridir. Xüsusən də duanın qəbul olunmasının umulan vaxtlarında duaları çoxaltmaqdır. 9. Axirətə bağlanmaq və dünyanın fani olduğuna iman gətirmək. Bu da müalicə üçün olan böyük səbəblərdən biridir. 10. Nəfsi-istəklərə və şeytana uymaqdan çəkinmək. Çünki bunların heç biri müsəlmana xeyir istəmirlər.

Hazırlayan:
Kamal Hüseyn

Bənzər Məqalələr