Əhli sünnə vəl Cəmaata görə böyük günah edən üçün iki hökm vardır.
1. DÜNYADAKI HÖKMÜ: Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm – buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»
(Müslim)

Belə bir şəxsin imanı əskik bir mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə və Xəvariclərin dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər. İmam Əhməd — rahmətullahi aleyhi — dən murciyəlilərə aid sual soruşulduqda belə cavab vermişdir: «Bizlər diyirik ki, iman söz və əməldir. Artar və əskilər. Bir kimsə zina edər, içki içərsə imanı əskilər»
(Abdullah b. Əhməd «Sünnə» 1/307)
O, əksik imanlı bir mömindir. İmanıyla mömin, günahına görə isə fasiqdir. Əgər bir həd, cəza olmayan cinsdən bir günah etmişsə və sonra da bundan ötrü tövbə etmişsə Allah lütfü və kərəmiylə onun tövbəsini qəbul edər. Əgər etdiyi günah həd, cəzası olan bir günahdırsa bu onun üçün bir kəffarə olur.

2. AXİRƏTDƏKİ HÖKMÜ: Əgər tövbə etməmişsə o, kimsə Allahın iradəsi altında olur. Onun işi Allaha qalmışdır. Dilərsə onu bağışlayar, dilərsə cəzalandırar. Bu da Allahın ədalətindəndir. Çünki o, kimsə cəzanı haqq etmiş, lakin atəşdə əbədi qalmağı haqq etməmişdir. Zərrə qədər də sahib olduğu imanına görə Cəhənnəmdən çıxacaqdır. Buna görə də Əhli Sünnə imanın əslini qaldıran günah istisna olmaqla heç bir günahdan ötrü Qiblə əhlini təkfir etməzlər. Ubadə b. Samit – radiyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — Ərafə günü səhabələr-dən bir toplum olduğu halda buyurdu: «Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarınızı öldürməmək, yalanla heç kimsəyə iftira atmamaq, haram olmayan heç bir xüsusda itaətsizlik etməmək üzərə mənə beyət edin. Kim bunları yerinə yetirərsə əcrini vermək Allaha aiddir. Kim də bu şeyləri etdikdə başına bir müsibət gələrsə və sıxıtıya düşərsə bu onun üçü bir kəffarədir. Hər kim də bu günahlarda birini edərsə onun işi Allaha qalmışdır. Dilərsə onu bağışlayar, dilərsə cəzalandırar.
(Buxari 1/10, 8/15, Müslim 5/126)
Əbu Zərr — radıyallahu anhu — rəvayət edir ki, bir gün Rəsulullah — sallallahu aleyhi və səlləm — ilə birlikdə Mədinənin qara daşlı sahəsi ilə gedirdik. Uhud tərəfə döndükdə o, mənə buyurdu: «…Yerində qal! Mən gəlmədikcə heç bir tərəfə tərpənmə deyib qaranlıq gecədə gözdən itənə qədər irəlilədi. Bir müddətdən sonra mən gurultulu səslər eşitdim. Kiminsə Peyğəmbər — sallallahu aleyhi və səlləm — in üzərinə hücum edib ona zərər yetirməsindən qorxduğum üçün qərara gəldim ki, səs gələn tərəfə gedim. Lakin Peyğəmbər — sallallahu aleyhi və səlləm — in mənə dediyi sözlər yadıma düşdü və o, geri qayıdana qədər yerimdən tərpənmədim. O, qayıtdıqda mən dedim: «Ya Rəsulallah! Məni qorxudacaq səslər eşitdim» deyib eşitdiklərimi ona danışdım». O: «Sən həqiqətəndə bu səsləri eşitdin». Mən: «Bəli, ya Rəsulallah!». O: «O, Cəbrail — əleyhissəlam — idi. Mənə müjdə verərək dedi: «Ümətindən Allaha heç bir şeyi ortaq qoşmayaraq ölən hər kəs Cənnətə girəcəkdir». Mən: «Zina və oğurluq etsə də?» O: «Zina və oğurluq etsə də?» deyə cavab verdi.
(Müslim)

Hazırlayan:
Kamal Hüseyn

Share Button
Tarix: 19.11.2007 | Oxunma sayı: 567 baxış