featured-image-1418

Şübhəsiz ki, həmd ALLAH`adır. Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq. ALLAH kimi hidayətə yönəltsə, onu heç kim azdıra bilməz, kimi azdırsa, ona hidayət edən olmaz. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Ona, ailəsinə və əshabına xeyir-dua etsin.

Ey ALLAH`ın qulları! Təqva ilə ALLAH`dan layiqincə qorxun. Çünki, təqva, yaxşıların malı və xeyirli insanların sərmayəsidir. Ey qardaşlar! Müsəlmanlara, özəl bir şərəfi və dəyəri olan böyük bir ay gəlmişdir. ALLAH (Subhanahu va Taala) bu ayda Kitabını nazil etmiş və bu ayda oruc tutulmasını fərz qılmışdır. Bu ay, gecə namazı qılma və Quran oxuma ayı, bağışlanma zamanı, sədəqə və ehsan mövsümüdür. Bu ayda xeyirlər bir-birinin ardınca gəlir və bərəkət hər yerə yayılır. Peyğəmbər (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“Sizə Ramazan gəldi. O, mübarək bir aydır. ALLAH bu ayda oruc tutmağınızı fərz etdi. Bu zamanda səmanın qapıları açılır, cəhənnəm qapıları bağlanır və azğın şeytanlar zəncirlənir. Onda min aydan daha xeyirli bir gecə vardır. Kim o gecənin xeyrindən məhrum olarsa, həqiqətdən məhrum olmuşdur.” (ən-Nəsai.)

Ayların ən şərəflisini və ALLAH (Subhanahu va Taala) dərgahında ən dəyərlisini ALLAH (Subhanahu va Taala), qullarının ibadət və itaət növləri ilə yarışdıqları meydan qılmışdır. Ramazan ayı nəfslərin təmizlənməsi, əlaqələri sarsıdan və insanlığı zəiflədən kinlərdən və qərəzlərdən təmizlənilməsi üçün bir fürsətdir. Günahlarla Ramazanı qarşılayan ata-anasına pislik edən, qohumları ilə əlaqəsini kəsən, qardaşlarını tərk edən, sözlərində qeybət (dedi-qodu) və söz gəzdirən Ramazandan necə faydalansın? Peyğəmbər (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“Kim boş sözü və boş sözə əməl etməyi bir kənara qoymasa, onun yeməyini və içməyini tərk etməsinə ALLAH`ın ehtiyacı yoxdur.” (əl-Buxari.)

Orucun ən asan yönü yemək-içməkdən uzaq olmaqdır. Keçmiş alimlər, oruc tutduqları zaman məscidlərdə oturub “orucumuzu qoruyuruq və insanın qeybətini etmirik” deyirdilər. Bu ayda RƏBB`lərinə ibadətdə ciddi olanlar, ALLAH`ın (Subhanahu va Taala) evlərində camaatla namaz qılmaq üçün qollarını çırmalayır, imamla birlikdə gecə namazı qılır, mənasını dərk edərək Quran oxuyur, qonşular və yaxınlar arasında ehtiyacı olanlara az da olsa, sədəqə verir, iftarlarını açırdılar. Peyğəmbər (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“Kim bir oruc tutana iftar verərsə, oruc tutanın əcrindən bir şey əksik olmadan ona da əcr vardır.” (ət-Tirmizi.)

ALLAH`ın (Subhanahu va Taala) məscidlərindən birində etiqafa girirlər. Etiqaf, Ramazanın son on günündə daha fəzilətlidir. Umrə yerinə yetirilir. Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“Ramazandakı ümrə həccə bərabərdir” (əl-Buxari. Muslim.)

Bir rəvayətdə isə “mənimlə birlikdə həcc etməyə bərabərdir” buyurulur.

Zikr, dua və istiğfar (bağışlanma) çox edirlər. Bu, iftar əsnasında daha fəzilətlidir. Oruc tutan üçün iftar zamanı rədd edilməyəcək bir dua vardır. Gecənin son üçdə birində RƏBB`imiz dünya səmasına enərək “kim mənə dua edir, duasını qəbul edim” buyurur. Ata-anaya daha çox yaxşılıq edirlər. Onlara yaxın olub sevgi göstərirlər. Həyat yoldaşlarına və ailələrinə doğru istiqamət göstərir, gözəl sözlər və gözəl davranışla ehsan edirlər. Qohumları ziyarət edir, onlardan möhtac olanlara sədəqə verirlər. Qonşularına diqqət yetirir, onları ziyarət edir və hallarını soruşurlar. Yoxsullara və yetimlərə, dullara yardım əlini uzadırlar. Bu, xeyir ayında saleh insanların daim etdiyi vərdişdir.

İnsan öz nəfsinə sahib olduqdan sonra edəcəyi ən fəzilətli əməllərdən biri ALLAH`a (Subhanahu va Taala) dəvət etməsidir. İnsanlar hidayət üçün çalışmalı, əxlaqlarını və davranışlarını düzəltməyə çalışmalıdırlar.

“(Xalqı) ALLAH`a tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” — deyən kəsdən daha gözəl danışan kim ola bilər?!” (Fussilət surəsi, 41/33.)

Dəvət geniş sahə, səmimi nəsihət, doğru söz, elm və əməl, təqva və əxlaq baxımından yaxşı örnəkdir.

“Kim hidayətə çağırırsa, ona tabe olanların əcrlərindən əksik olmadan həmin insana da verilir.” (Muslim.)

Doğruluq və hidayət yolunda yüksəlmək üçün səmimi şəkildə çalış. Ramazanı, malını haramdan təmizləyərək qarşıla. Haram mal, dünyada və axirətdə bəlalara səbəb olar. Haram mal ilə dua qəbul edilməz və səma qapıları açılmaz. Əlini möhkəm tut! Özünə nəzər yetir, evinə diqqət yetir və hər haram maldan təmizlən ki, ALLAH`ın (Subhanahu va Taala) önündə səmimi qəlblə dayandığın zaman duan eşidilsin.

Səhər mehlərində və tövbə edənlərin iniltiləri arasında bəzi məhrum insanlar haramlara üz tuturlar. Ramazanı günah mövsümünə çevirirlər. Gözlərini haramlara dikir və musiqilərə qulaq asır, peyk yayınlarını seyr edirlər. Bazarlarda və dükkanlarda müsəlmanların ayıblarını araşdırırlar. Onların arasında boş toplantıları və zərərli ziyarətləri sevənlər də vardır. Vaxtlarını oyun və əyləncə ilə, zarafat və qəhqəhə ilə keçirirlər. Zamanın qiymətini və Ramazanın şərəfini bilmirlər. Nəfslərinə bədbəxtlik gətirir və ruhlarına əzab verirlər. Məgər, ibadətdən başqa heç bir şeydə fayda olmadığını, haramla faydalanıldıqda ziyana və peşmanlığa düşəcəklərini bilmirlər?.

“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz Qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” (Taha surəsi, 20/124.)

Ey müsəlmanlar! Ümidsizlik və çarəsizliyə qapılmaq şeytanın silahıdır. Şeytan bu silahdan günahkarın öz günahına davam etməsi üçün istifadə edir. Qul nə qədər günah və pis əməl sahibi olsa da, İslamda ALLAH`ın (Subhanahu va Taala) rəhmətindən ümid kəsmək yoxdur. Tövbə, özündən əvvəlkiləri yox edir, peşmanlıq özündən əvvəl edilənləri silər. Kim günahına davam edirsə, bilsin ki, Ramazan tövbə və peşmançılıq mövsümüdür. Bu zaman şeytanlar çarəsiz qalmış, və nəfsin inadı qırılmışdır. ALLAH (Subhanahu va Taala) belə buyurur:

“(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! ALLAH`ın rəhmindən ümidsiz olmayın. ALLAH (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (əz-Zumər surəsi, 39/53.)

Qüdsi bir hədisdə belə buyurulur:

“Ey Adəmoğlu! Sən mənə dua edib, bağışlamağıma ümid etdikcə, Mən səndən nə günah olsa bağışlayaram. Ey Adəmoğlu! Sənin günahın səmadakı buludlar qədər olsa, sonra mənə dönüb bağışlanma diləsən, yenə də səni bağışlayaram. Ey Adəmoğlu! Mənə yer dolusu səhvlə gəlsən, sonda heç bir şərik qoşmadan mənə qovuşsan, səni yer dolusu məğfirətimlə qarşılarım.” (ət-Tirmizi.)

Bağışlanmağa səbəb olan ən böyük amillərdən biri də qulun bir günah etdiyi zaman bağışlanmasını RƏBB`indən başqasından gözləməməsidir. Loğman (radiyallahu anhu) oğluna belə deyir:

“Ey oğlum! Dilini “Ey ALLAH`ım! Məni bağışla” deməyə alışdır. Çünki, ALLAH`ın diləyənin duasını rədd etmədiyi bəzi vaxtlar vardır.”

Tövbənin qəbul edilməsinin əlamətlərindən biri də keçmiş günahlar üçün ağlamaq, günaha düşməkdən qorxmaq, pis dostları tərk etmək və yaxşı insanlarla birlikdə olmaqdır. Bu ayda, ALLAH`ın (Subhanahu va Taala) bağışlanmasını diləyərək tövbə edən insanlar vardır. Onlardan biri ol! Ramazanın, tövbə və peşmanlığın başlanğıcı olması nə gözəldir! Ramazanda ALLAH`a (Subhanahu va Taala) dönən çox insan vardır! Səhvlərinə görə peşmanlıq duyan və günahlarının bağışlanmasını diləyən nə çox insan var!

Ey müsəlman qadın!.. Bu mübarək ayda nur mənbəyi və hidayət məşəli ol! Fəzilətləri qoru və rəzilliklərdən uzaq ol! Dininlə qürur duy və şərəfinlə öyün! Namusunu qoru! Mənfi düşüncələrə və çirkin sözlərə qulaq asma! Örtük və həyanı bir kənara atmağa, qadınlıq xüsusiyyətlərini və utanma hissini atan əxlaqsız, kafir qadınları təqlid etməyə çağıranları dinləmə! Bu dəyərli günlərdə şeytanın hiyləsinə tabe olmaqdan, açıq-saçıqlıqdan çəkin! Pis dostlardan uzaqlaş. Qadının yeri evidir. ALLAH`ın (Subhanahu va Taala) ən xoşlamadığı məkanlar bazarlardır. ALLAH`ın (Subhanahu va Taala) əzabla qarşılıq verməsi çox pisdir. Qadının üzərindən örtüyü götürülsə, o rəzil olar. Dinlə bəzən və örtük gözəlliyi ilə gözəlləş! Ömür qısadır. Yenidən diriliş də insan üçün mümkün deyil.

Qovulmuş şeytandan ALLAH`a (Subhanahu va Taala) sığınıram.

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. ALLAH sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“ALLAH`u Əkbər” deməklə) təzim və şükür edəsiniz.” (əl-Bəqərə surəsi, 2/185.)

ALLAH məni və sizləri böyük Quran ilə mübarək qılsın.

Ehsanı üçün ALLAH`a həmd olsun. Müvəffəq qılması və nemətləndirməsi səbəbilə Ona şükürlər olsun. ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud olmadığına şəhadət edirəm. O, təkdir və şəriki yoxdur, şəni ucadır. Şəhadət edirəm ki, peyğəmbərimiz Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Ona, ailəsinə və əshabına xeyir-dua etsin.

Ey müsəlmanlar!.. Sevincləri və hüznləri ilə dünya sona çatacaq. Uzun və qısası ilə ömürlər bitəcək. İnsanlar, sən də aralarında olduğun halda, RƏBB`lərinə dönəcək. Ramazanı səbirsizliklə gözləyərkən, əcəli gələn nə çox insan vardır! Ramazanda çoxlu saleh əməl işlə! Uzun bir müddətdən sonra yenə də Ramazan gəldi. Ramazanda ALLAH`la (Subhanahu va Taala) parlaq bir səhifə aç! Unutduğun və ALLAH`dan (Subhanahu va Taala) uzaq olduğun keçmişinə bir pərdə çək! Hər cür günahdan, qüsur və xətadan tövbə edərək, mərhəmət sahibi və tövbələri qəbul edən ALLAH`a dön!

Xeyir mövsümlərini, saleh əməl ilə və keçmiş günahlardan tövbə edərək dəyərləndirmək, ALLAH`ın (Subhanahu va Taala) ibadət edənlərə keçmişdə pis əməllərinin düzəldilməsi və insanın etdiyi xətaların cəzasının bağışlanması üçün verdiyi bir fürsətdir.

Bilin ki, ALLAH sizlərə Peyğəmbərinə xeyir-dua etməyinizi əmr etmişdir. Belə buyurur:

“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (əl-Əhzab surəsi, 33/56.)

Peyğəmbərimizin məscidinin imamı:
Əli ibn Abdu`r-RAHMAN əl-Huzeyfi

Bənzər Məqalələr