featured-image-1365

1.Əbu Nüceyd İmran ibn Husayn əl-Xuzaidən (Allah ondan və atasından razı olsun!) rəvayət olunur ki, Cüheynə qəbiləsindən zinadan hamilə qalmış bir qadın Allah elçisinin hüzuruna gələrək dedi: «Ey Allahın elçisi! Cinayət törətmişəm. Məni cəzalandır». Allahın peyğəmbəri onun yaxın qohumunu çağırıb dedi: «Onunla yaxşı rəftar et. Uşağı dünyaya gətirdikdən sonra isə onu mənim yanıma gətir». Kişi elə də etdi. Bir müddətdən sonra Allahın peyğəmbəri qadının gətirilməsini əmr etdi, qadın gətirildikdən sonra isə onu öz paltarıyla bağlayıb daşqalaq etdilər. Peyğəmbər (s) ona cənazə namazı qılmağa hazırlaşarkən Ömər soruşdu: «Ey Allahın elçisi! Sən ona cənazə namazı qılırsanmı? Axı o zina edib?» Peyğəmbər (s) də öz növbəsində belə cavab verdi: «O, elə bir tövbə etdi ki, əgər bu tövbə Mədinənin yetmiş sakini arasında bölüşdürülsəydi, hamısına çatardı. Sən canını hər şeydən uca və böyük olan Allah üçün fəda edən bundan da fəzilətli insan görmüşdünmü?!»
(Müslim, 1696-cı hədis, Əbu Davud, 4440-cı hədis, Tirmizi, 1435-ci hədis, Nəsai, 4/51, Əhməd, 4/43, 435, 437, 440)

2.İbn Abbasdan (Allah ondan və atasından razı olsun!) Allah elçisinin belə deməsi rəvayət olunur: «Əgər Adəm övladının bir vadi dolusu qızılı olsa, o, iki vadi dolusu qızıl istər. Onun ağzını isə yalnız torbaq dolduracaqdır. Allah tövbə edənlərin tövbəsini qəbul edər».(Buxari, 11/216, 217, Müslim, 1048 və 1049-cu hədislər, Əhməd, 1/370, 3/122 (Ənəs ibn Malikdən rəvayət olunan hədis)

3.Əbu Ruqəyyə Təmim ibn Aus əd-Daridən (Allah ondan razı olsun!) rəvayət olunur ki, Peyğəmbər (s): «Din səmimilikdir» — dedi. Səhabələr: «Kimə qarşı?» — deyə soruşduqda o: «Allaha, Onun kitabına, elçisinə, müsəlmanların rəhbərlərinə və adi müsəlmanlara qarşı» — deyə cavab verdi. Hədisi Müslim rəvayət etmişdir.(Müslim, 55-ci və 4944-cu hədislər, Nəsai, 7/156, Tirmizi, 1927)

4.Əbu Səid Həsən əl-Bəsridən rəvayət olunur ki, Aiz ibn Amr (Allah ondan razı olsun!) Übeydullah ibn Zeydin yanına daxil olaraq dedi: «Ay oğul! Mən Allah elçisinin (s): “Həqiqətən, çobanların ən pisi qəddarcasına davrananıdır [Öz sürüsünə qarşı amansız və rəhmsiz olandır. O, sürüsünə nə gəzdirərkən, nə də otararkən mülayimlik göstərməz, əksinə ona qarşı həm bu vaxtlarda, həm də suvarma zamanı amansız və qəddar olar. Sürüdəkilər onun verdiyi əziyyət və zülm nəticəsində bir-birilərini əzərlər]” — deməsini eşitdim. Nə badə sən də onlardan olasan!» Übeydullah ona belə dedi: «Əyləş, sən Məhəmmədin (s) səhabələrinin ələntisindənsən [kəpəyindənsən]». Kişi: «Onların içində ələnti olanları vardımı?» — soruşduqda Übeydullah: «Ələntilər onlardan sonra və onlardan qeyriləri arasında yarandı» — deyə cavab verdi. Hədisi Müslim rəvayət etmişdir.(Müslim, 1830-cu hədis, Əhməd, 5/64)

5.İbn Məsuddan (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «İsrail övladlarında yaranan ilk nöqsan o idi ki, onlardan biri digəri ilə qarşılaşdıqda: “Ey filankəs! Allahdan qorx və etdiyindən əl çək. Çünki bu sənə halal buyurulmamışdır” — deyərdi. Səhərisi gün həmin adamla yenə qarşılaşdığı zaman adam yenə də əvvəlki halında idi. Lakin onun bu halı [çəkindirənə] onunla birlikdə yeyib içməyə, oturub qalxmağa mane olmadı. Onlar bu hərəkətlərində davam edincə Allah onların qəlblərini bir-birinə bənzətdi». Sonra Allahın elçisi (s) bu ayəni oxudu: «İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. Onlar etdikləri pis əməldən əl çəkmirdilər [Və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər]. Onların gördükləri iş necə də pis idi! Onların [kitab əhlinin] bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey [küfr] necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır! Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, kafirləri özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqlərdir!» Sonra Allahın elçisi (s) dedi: «Əsla, Allaha and olsun ki, ya yaxşı işlər görməyi əmr edər pis işləri qadağan edərsiniz, ya zalımın əlindən tutar haqqa boyun əydirər və onu haqq üzərində saxlarsınız, ya da Allah-taala bəzilərinizin qəlblərini bir-birinizin qəlblərinə bənzədər, sonra da onları lənətlədiyi kimi sizi də lənətləyər». Hədisi Əbu Davud və Tirmizi rəvayət etmiş, sonuncusu hədisi həsən adlandırmışdır.
Bu Əbu Davudun mətni idi. Tirmiziyə məxsus mətndə isə belə deyilir: «İsrail övladları günaha batdıqldarı zaman alimləri onları çəkindirdilər, lakin onlar çəkinmədilər. Buna baxmayaraq alimlər də onların məclisində onlarla bərabər oturub yeyib içdilər. Nəticədə də Allah onların qəlblərini bir-birinə bənzətdi. Davudun, Məryəm oğlu İsanın dili ilə lənət oxudu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi». Allahın elçisi dirsəklənərək əyləşmişdi. Birdən belə dedi: «Xeyr, and olsun canım əlində olana ki, siz onları haqqa boyun əydirməyincə [bu hal davam edəcəkdir]».

6.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Münafiqin əlaməti üç keyfiyyətdir: danışanda yalan danışar, vədinə xilaf çıxar, ona verilən əmanətə xəyanət edər». Hədisi Buxari və Müslim rəvayət etmişdir.(Buxari, 1/83, 84, Müslim, 59-cu hədis)
Bir rəvayətdə isə belə deyilir: «Oruc tutsa da, namaz qılsa da, özünü müsəlman hesab etsə də…».

7.Hüzeyfə ibn Yəmandan (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: «Allahın elçisi (s) bizə iki hadisəni danışmışdı. Artıq mən onlardan birini gördüm, digərini isə gözləyirəm. Peyğəmbər (s) bizə söyləmişdi ki, əmanət insanların qəlblərinin dərinliyinə kimi endi. Sonra Quran nazil oldu. İnsanlar Qurandan elm əxz etdilər. Sünnədən də öyrəndilər. Sonra Allahın elçisi (s) bizə əmanətin qaldırılmasından bəhs edərək dedi: “İnsan yatır, əmanət onun qəlbindən götürülür. Əmanətin izi nazik bir ləkə kimi qalır. Sonra yenə yatır və əmanət yenə də onun qəlbindən götürülür və bu dəfə onun izi qabarcıq şəklində olur. Ayağının üzərində diyirlətdiyin qaynar kömür parçasından [dərin] qabarır. Onu böyümüş görürsən, lakin içində heç bir şey yoxdur”. Sonra Peyğəmbər (s) bir [çınqıl] daş götürüb ayağının üstündə diyirlətdi və sözünə belə davam etdi: “Elə bir dövr gələcəkdir insanlar bir-biriləri ilə alver edəcəklər və az qala əmanəti qaytara biləcək bir nəfərə də rast gəlinməyəcək. Hətta: “Filan qəbilədə bir etibarlı adam vardı” — deyiləcəkdir. Qəlbində xardal dənəsi qədər iman olmayan biri haqqında: “O necə də davamlı, necə də zərif, necə də ağıllı bir insandır”. Hüzeyfə: elə bir zəmanədə yaşadım ki, sizlərdən hansınızla alver etməyimə fərq qoymurdum. Əgər o müsəlman olsaydı, onun dini mənə haqqımı qaytarmağa məcbur edərdi. Yox əgər xristian və ya yəhudi olsaydı, onun valisi [qazisi] mənə haqqımı qaytarardı. Bu gün isə aranızdan yalnız filankəs və filankəslə ticarət edirəm». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
(Buxari, 11/286, 13/33, 34, Müslim, 143-cü hədis, Tirmizi, 2180-ci hədis, İbn Macə, 4053-cü hədis)

8.Hüzeyfədən və Əbu Hüreyrədən (Allah onların hər ikisindən razı olsun!) Allah elçisinin belə deməsi rəvayət olunur: «Hər şeydən uca və ulu olan Allah insanları [diriltdikdən sonra] bir araya toplayacaq. Möminlər ayağa qalxacaq və Cənnət onlara doğru yaxınlaşdırılacaq. Onlar Adəm əleyhissəlamın yanına gəlib: “Ey atamız! Cənnəti bizim üzümüzə aç” — deyəcəklər. O da: “Sizi Cənnətdən çıxardan atanızın günahı olmadımı?! Mən buna sahib deyiləm. Siz Allahın sevimlisi oğlum İbrahimin yanına gedin” — deyəcəkdir. Onlar İbrahimin yanına gələcəklər. Lakin İbrahim onlara: “Mən buna sahib deyiləm. Mən çox uzaq dost olmuşam [bu yüksək dərəcəyə çatmamışam].(İbrahim əleyhissəlam bu sözü təvazökarlığından söyləmişdir) Siz [bu barədə] Allahın danışdığı Musanın yanına gedin” — deyəcəkdir. Beləliklə, onlar Musanın yanına gələcəklər. Musa da onlara: “Mən buna sahib deyiləm. Siz Allahın kəlməsi və ruhu olan İsanın (İsa əleyhissəlamın “Allahın kəlməsi” adlandırılmasının səbəbi onun Allah-taalanın bir “Ol!” deməsindən yaranmasıdır) yanına gedin” — deyəcəkdir. İsa da onlara: “Mən buna sahib deyiləm” — deyəcəkdir. Sonda onlar Məhəmmədin (s) yanına gələcəklər. O ayağa qalxacaq və ona izn veriləcəkdir. Əmanət və qohumluq göndəriləcək və onlar siratın sağ və sol tərəflərində dayanacaqlar. Aranızdan birincilər ildırım kimi keçəcəklər». Mən: «Atam ana sənə qurban olsun! İldırım kimi keçmək necə olur?» — deyə soruşdum. O da: «Bir göz qırpımında ildırımın necə gedib qayıtdığını görməmisinizmi? Sonra külək kimi, daha sonra quş kimi, daha sonra isə insanların qaçışı kimi keçəcəklər. Onları qaçırdan əməlləri olacaqdır. Peyğəmbəriniz də sıratın üzərində dayanıb: “Ey Rəbbim! Salamat et! Qulların əməlləri acizləşincəyə, adam yeriyə bilməyib iməkləyənə qədər salam et!” — deyəcəkdir. Siratın hər iki tərəfində tutulması əmr edilmiş adamları tutmaqla əmr olunmuş qarmaqlar asılmışdır. Onlara [keçərək sıyırılanlar] qurtulurlar, [onlara keçirilib] üst-üstə yığılanlar isə cəhənnəmlikdir». Əbu Hüreyrə deyir: «Əbu Hüreyrənin canı əlində olana and olsun ki, həqiqətən, Cəhənnəmin dibi yetmiş payızlıq [illik] məsafədir». Hədisi Müslim rəvayət etmişdir.(Müslim, 192-ci hədis)

9.Əbu Xubeyb Abdullah ibn Zübeyrdən (Allah ondan və atasından razı olsun!) belə deməsi rəvayət olunur: «Cəməl döyüşü [hücumu] günü Zübeyr öz mövqeyində dayandığı zaman məni çağırdı. Mən də yanına getdim. Dedi: “Ay oğul! Bu gün öldürülən ancaq ya zalımdır, ya da məzlum.(İbn Tin deyir: Bu döyüşdəki məzlumlar səhabələrdir. Zalımlar isə bu dünya uğrunda vuruşan qeyri-səhabələrdir) Mən bu gün özümün məzlum kimi öldürüləcəyimi düşünürəm. Mənim ən böyük dərdim borcumdur. Səncə borcumuzu verdikdən sonra malımızdan bir şey qalacaqmı?” Sonra əlavə edərək: “Ay oğul, malımızı sat, borcumu ödə” — dedi və malının üçdəbirini vəsiyyət etdi. Onun üçdəbirinin üçdəbirini də Abdullah ibn Zübeyrin oğullarına vəsiyyət edərək: “Borcu ödədikdən sonra malımızdan artıq qalanının üçdəbiri sənin oğlanlarınındır” — dedi».
Hişam deyir: «Abdullahın bəzi övladları Zübeyrin Xübeyb və Əbbad adlı oğulları ilə həmyaşıd idi. Həmin vaxt da [Zübeyrin] doqquz oğlu və doqquz qızı var idi».
Abdullah deyir: «[Atam] mənə borcunu ödəməyi vəsiyyət edər və deyərdi: “Ay oğul! Əgər hansısa borcumu ödəməkdən aciz qalsan, mənim mövlamımdan [ixtiyar sahibimdən] yardım istə!” Abdullah deyir: “And olsun Allaha ki, onun nə demək istədiyini anlar-anlamaz: “Sənin mövlan kimdir, atacan?” — deyə soruşdum. “Allah!” — deyə cavab verdi. Allaha and olsun ki, onun borclarını ödəyərkən heç bir çətinliyə düşmədim. Yalnız: “Ey Zübeyrin Mövlası! Onun əvəzinə borclarını Sən ödə!” — deyə dua edərdim, o da ödəyərdi. Zübeyr öldürüldü, özündən sonra torpaq ərazilərindən başqa nə dinar, nə də dirhəm miras qoyudu. Bu ərazilər Ğabə,(Bu, Mədinənin iyirmi kilometirliyindəki məşhur ərazinin adıdır) Mədinədə on bir, Bəsrədə iki, Kufədə və Misirdə isə bir evdən ibarət idi. Zübeyr borca belə düşmüşdü: bir kişi Zübeyrin yanına mal gətirib ondan bu malı saxlamasını istəmişdi. Zübeyr də: “Onu mənə borc olaraq ver. Mən onun itirilməsindən qorxuram” — demişdi. Zübeyr heç bir vaxt nə valilik etmiş, nə ona 0vergi, xərac toplamaq tapşırılmış, nə də başqa işlərlə məşğul olmuşdur. O yalnız Allah elçisi (s), Əbu Bəkr, Ömər və Osmanla (Allah onlardan razı olsun!) döyüşlərdə birlikdə iştirak etmişdir. Onun borcunu hesabladım və iki milyon iki yüz minə çatdığını gördüm».
Həkim ibn Hizam Abdullah ibn Zübeyrlə qarşılaşdığı zaman: “Qardaşoğlu, qardaşımın borcu nə qədərdir?” — deyə soruşdu. Abdullah deyir ki: “Mən də borcun miqdarını gizlədərək: “Yüz min” — dedim. Həkim: “Vallah malınızın bu borcu ödəməsini hesab etmirəm” — dedi. Mən: “İki milyon iki yüz min olsa necə?” — deyə soruşduqda, o: “Sizin buna gücünüz çatacağını hesab etmirəm. Aciz qalsanız, məndən kömək istəyin” — dedi”.
Zübeyr Ğabəni yüz yetmiş minə almışdı. Abdullah da bir milyon altı yüz minə satdı və ayağa qalxaraq: “Zübeyrin kimə borcu varsa, ona Ğabədən ərazi verməklə ödəyək” — dedi. Abdullah ibn Cəfər gəldi. Zübeyrin ona dörd yüz min borcu var idi. O, Abdullah ibn Zübeyrə: “İstəyirsinizsə, həmin borcu sizə bağışlayım” — dedi. Abdullah da: “Xeyr!” — deyərək imtina etdi. O yenə Abdullah ibn Zübeyrə: “İstəyirsinzsə, mənim borcumun ödənilməsini təxirə salın” — deyə müraciət etdi. Abdullah buna da: “Xeyr” — deyərək razılıq vermədi. O: “Onda mənə buradan bir hissə ərazi verin” — dedi. Abdullah da: “Burdan buraya qədər sənindir” — deyə torpağın bir hissəsini ona borcun əvəzi olaraq verdi. Beləliklə, Abdullah ərazinin bir hissəsini sataraq borcları tam şəkildə ödədi. Ərazidən dörd səhm(Təxminən 7.293m2) yarım artıq qalmışdı. O, Müaviyənin yanına gəldi. Amr ibn Osman, Münzir ibn Zübeyr və İbn Zəmə də Müaviyənin yanında idilər. Müaviyə ondan soruşdu: “Ğabəyə nə qədər qiymət qoyuldu?” Abdullah: “Hər səhminə yüz min” — deyə cavab verdi. Müaviyə: “Nə qədər satılmamış ərazi qaldı” — deyə soruşdu. Abdullah da öz növbəsində: “Dörd səhm yarım” — deyə cavab verdi. Münzir ibn Zübeyr dedi: “Onun bir səhmini yüz minə alıram”. Amr ibn Osman da: “Mən də onun bir səhmini yüz minə alıram” — dedi. İbn Zəmə də öz növbəsində: “Mən də onun bir səhmini yüz minə alıram” — dedi. Müaviyə: “Beləliklə, neçə səhm qaldı” — deyə soruşdu. Abdullah da: “Səhm yarım” — deyə cavab verdi. Müaviyə: “Mən də onun hamısına yüz əlli min verirəm” — dedi. Abdullahın sözlərinə görə Abdullah ibn Cəfər ərazidən ona düşən hissəni Müaviyəyə altı yüz minə satdı. Abdullah ibn Zübeyr [atasının] borcları ödəyib qurtardıqdan sonra Zübeyrin oğlanları dedi: “Bizə düşən mirası aramızda böl”. Abdullah da belə cavab verdi: “And olsun Allaha ki, dörd il [həcc] mövsümlərində: “Eşidin! Kimin Zübeyrdən alacağı varsa, bizə müraciət etsin, biz də ödəyək” — deyə [əhaliyə] müraciət etmədikcə onu sizin aranızda bölməyəcəyəm”. O belə də etdi. Hər il [həcc] mösümündə bunu elan etdi. Dörd il bitdikdən sonra o mirası övladların arasında bölərək onlara üçdəbirini verdi. Zübeyrin dörd zövcəsi var idi. Onların hər birinə bir milyon iki yüz min düşdü. Zübeyrin bütövlükdə mal-dövlətinin sayı isə əlli milyon iki yüz min idi». Hədisi Buxari rəvayət entmişdir. (Buxari, 6/160, 163)

10.Cabirdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Haqsızlıq etməkdən çəkinin. Çünki haqsızlıq qiyamət günü zülmət olacaqdır. Xəsislik etməkdən də çəkinin. Çünki xəsislik sizdən əvvəlkiləri həlak etdi, onları bir-birilərinin qanını tökməyə və məhrəmləri halal etməyə gətirib çıxardı». Hədisi Müslim rəvayət etmişdir. (Müslim, 2578-ci hədis)

Yaşar Qurbanovun “İslamNuru” kitabından
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı