featured-image-1333

Dünyanın sonunun yaxınlaşmasına, Allahın Peyğəmbərinin bu barədə dediklərinin bir çoxunun həyata keçməsi dəlalət edir. O, öz ardıcıllarını bu hadisə ərəfəsində nələr baş verəcəyi haqqında xəbərdar etmişdi. Bu hadisələri Qiyamət saatının böyük və kiçik əlamətləri adlandırırlar.

1-ci əlamət: Sonuncu Peyğəmbərin gəlişi:

Məhəmməd Peyğəmbər (sav) öz səhabələrinə tez-tez deyərdi ki, onun gəlişi Axirətin yaxınlaşmasını sübut edir. O, həmçinin özünü Qiyamət saatının Peyğəmbəri adlandırırdı.
Ənəs ibn Malik rəvayət edir ki, Allahın Peyğəmbəri (sav) belə deyib: «Mən, Qiyamət saatı ilə birgə, bu iki barmaq kimi göndərilmişəm». Bu zaman o, şəhadət və orta barmaqlarını birləşdirdi.(Hədisi Buxari, Müslüm, Əhməd, Timrizi rəvayət ediblər)
Əbu Cübeyrə danışır ki, Peyğəmbər (sav) deyib: «Mən Qiyamət saatının küləyi ilə göndərilmişəm».(Hədisi əd-Daulabi rəvayət edib, əl-Əlbani səhih adlandırıb)

2-ci əlamət: Məhəmməd Peyğəmbərin vəfatı:

Auf ibn Malik danışır ki, Allahın Peyğəmbəri (sav) belə deyib: «Qiyamət saatından qabaq altı hadisəni gözləyin: mənim ölümümü, Qüdsün (Yerusəlimin) fəthini, kuasun (xəstəlik növü) qoyunları tələf etdiyi kimi, sizi də qıran epidemiyanı, var-dövlətin çoxluğunu, belə ki, miskinə 100 dinar verəndə o narazı qalacaq, heç bir ərəb ailəsindən yan keçməyən hərcmərcliyi, sizin Əsfarın nəsilləri(Əsfar bin Rum bin Ays bin İshaq bin İbrahimin nəsli olan Rumlular nəzərdə tutulur. Bu haqda İbn Həcər «Fəth əl-Bari» əsərində deyib) ilə barışığınızı. Bundan sonra onlar qəflətən sizə 80 bayraq altında hücum edəcəklər ki, hər bayrağın altanda 12 min döyüşçü olacaq». Bu hədisi əl-Buxari rəvayət edib. Burada Qiyamət saatının bir neçə kiçik əlaməti qeyd edilir ki, biz onları daha geniş araşdıracağıq. Onlardan biri, bütün bəşəriyyətin ağası və elçilərin sonuncusu— Məhəmməd Peyğəmbərin (sav) vəfatıdır.
Uca Allah deyib:
«(Ya Məhəmməd!) Səndən əvvəl də heç bir bəşərə əbədiyyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar? Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədi ilə Biz sizi şər və xeyirlə sınağa çəkirik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!» (əl-Ənbiya, 34-35).
Allahın Rəsulunun ölümü onun səhabələri üçün böyük faciə idi. Ənəs deyirdi: «Peyğəmbər Mədinəyə gələndə bütün şəhər parlayardı. O öləndə isə şəhər zülmətə qərq oldu. Onu dəfn edərkən biz öz ürəklərimizi tanımayana qədər ondan əl çəkmək istəmirdik».(Hədisi Tirmizi rəvayət edib)
Peyğəmbərin ölümü həm də ilahi vəhylərin sonu demək idi və bu da, həmçinin səhabələri kədərləndirirdi. Peyğəmbər (sav) öləndən sonra Əbu Bəkr əs-Siddiq və Ömər ibn əl-Xəttab onun süd anasını — Um Aymanı ziyarət etmək qərarına gəlirlər. Görüşəndə onlar qoca qadının ağladığını görüb dedilər: «Ağlamaq lazım deyil, axı Allahın Rəsulu üçün Onun dərgahı daha yaxşıdır». Qadın cavab verir: «Mən ona görə ağlayıram ki, ilahi vəhylərə son qoyuldu».(Hədisi Müslim rəvayət edib)
Bu sözlər Əbu Bəkri də, Öməri də, Um Aymanla birlikdə ağlamağa məcbur etdi.

3-cü əlamət: Qüdsün (Yerusəlimin) fəthi.

İkinci xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti zamanı, hicrətin 16-cı ilində müsəlman ordusu Qüdsü qəti olaraq işğal etdi. Xəlifə şəxsən Qüdsə gəlib onun sakinlari ilə sülh müqaviləsi bağlayır və onu düşmənçilik edən yəhudilərdən və xaçpərəstlərdən təmizləyib böyük bir məscid tikintisinə başlayır. Übeyd ibn Adəm danışırdı ki, o, Ömər ibn əl-Xəttabın Kab əl-Əxbardan belə soruşduğunu eşidib: «Mən namazı harada qılsam yaxşı olar?» Kab cavab verir: «Məncə sən namazı qayanın ətəyində qılmalısan ki, bütün Qüds sənin qarşında, ovucunun içindəki kimi olsun». Ömər etiraz edir: «Sən yəhudilər kimi danışırsan. Mən belə etməyəcəm. Mən namazı Allahın Rəsulunun qıldığı yerdə qılacağam. O, üzünü qibləyə çevirib namazını qılır və sonra üst geyimini çıxarıb ona ətrafdakı tör-töküntünü yığmağa başlayır və insanlar da bu cür etdilər».(Hədisi Əhməd rəvayət edib)

4-cü əlamət: Amvasda taun epidemiyası.

Məhəmməd Peyğəmbərin (sav) xəbər verdiyi bu hadisə, hicrətin 18-ci ilində, Ömərin vaxtında baş vermişdi. Bu epidemiya Amvasda— Fələstinin kiçik bir şəhərində başlamışdır. Xəstəlik bütün Şam vilayətinə yayılmış və 25 min müsəlmanın həyatına son qoymuşdu. Bu qorxulu xəstəlikdən ölənlərin arasında Peyğəmbərin müsəlmanların mühafizi adlandırdığı Əbu Übeydə ibn Cərrah da var idi.(Bax: «əl-Bidayə və ən-Nihayə» c. 7, səh. 90)

5-ci əlamət: müsəlmanların varlanması.

Əbu Hüreyrə danışır ki, Allahın Peyğəmbəri (sav) delə deyib: «Qiyamət— müsəlmanlar görünməmiş var—dövlət toplamayana qədər qopmayacaq. Bu var-dövlət o qədər çox olacaq ki, onun sahibi kimə yardım etmək məsələsi üzərində düşünməli olacaq. O, sədəqə paylamaq istəyəndə isə ona deyəcəklər: «Mənim buna ehtiyacım yoxdur».(Hədisi Müslim rəvayət edib)
Allah Rəsulunun bu hədisi xəlifə Ömər ibn Abduləzizin vaxtında müsəlmanların var-dövlət içində yaşadıqları zamanədə həyata keçmişdir. Bu cür hadisə İsa ibn Məryəmin yerə nazil olacağı və həqiqətən Məhəmməd Peyğəmbərin nəslindən olan Mehdinin hakimiyyəti dövründə də olacaq.

6-cı əlamət: iğtişaşın yaranması.

İğtişaş — sınaq, yoldan çıxarmaq və həyəcan mərhələsidir. Məhəmməd Peyğəmbərin (sav) dediyi kimi, elə bir zaman gələcək ki, bu vaxt müsəlmanların imanı böyük sarsıntılara məruz qalacaq və bir çoxları küfrə yuvarlanıb aldadılacaqlar.
Əbu Musa əl-Əşari danışır ki, Peyğəmbər  belə deyib: «Dünyanın sonu yaxınlaşanda, qaranlıq gecəyə oxşayan sınaq mərhələsi başlanacaq. Hələ səhər mömin olan insan, axşama qədər kafirə dönəcək. Axşam mömin olan isə, səhərə qədər kafirə dönəcək…».
(Əhməd, Əbu Davud, İbn Macə)
Əbu Hüreyrə deyir ki, Peyğəmbərin  belə dediyini eşidib: «Zülmət gecəyə oxşayan iğtişaş düşənə qədər xeyirxahlıq edin. Hələ səhər mömin olan, axşam gafirə çevriləcək, axşam mömin olan səhərə qədər kafir olacaq. İnsanlar öz imanlarını dünya malına satacaqlar».(Müslim)
Müsəlman aləmini sarsıdan ilk böyük iğtişaş xəlifə Osman ibn Əffanın dövründə başlamışdır. Əvvəlki iğtişaşların öhdəsindən müsəlmanlar gəlmişdilər.
Xəlifə Ömər ibin Xəttab öldürüləndən sonra müsəlmanlar arasında Abdullah ibn Səbanın başçılığı altında qorxulu bir cərəyan əmələ gəlir. O, yəhudi idi, amma özünü müsəlman kimi qələmə verərək nadan insanları xəlifə Osmana qarşı qaldıra bildi. Abdullah ibn Səba müsəlman icmasını parçalamaq istəyirdi. Yəhudinin canfəşanlığı ona gətirib çıxardı ki, Mədinəyə Kufədən, Bəsrədən və Misirdən gələn silahlı kütlələr xəlifənin evini uçurub onu öldürdülər. Və bundan sonra da müsəlman aləmi bir çox sarsıntılara məruz qaldı.

7-ci əlamət: yalançı peyğəmbərlərin peyda olması.

Sauban danışır ki, Allahın Rəsulu  delə deyib: «Mənim ardıcıllarımın nəsilləri bütlərə ibadət etmək üçün çoxallahlılara qoşulmayana və mənim ardıcıllarım arasında özünə peyğəmbər deyən otuz yalançı gəlməyənə qədər Qiyamət qopmayacaq. Həqiqətən, mən sonuncu Peyğəmbərəm, məndən sonra peyğəmbər olmayacaq».
Əlbəttə, yalançı peyğəmbərlərin sayı otuzla məhdudlaşmır, ona görə ki, Allahın Rəsulu onlardan yalnız hakimiyyət əldə edənləri və insanları öz arxasınca apara bilənləri nəzərdə tuturdu. İlk yalançı peyğəmbərlərdən biri, Bəni Hənifə nəslindən olan Müseylim idi. O, öz nəslindən olan bir neçə adamı arxasınca apara bilmiş və xəlifə Əbu Bəkrin dövründə döyüşdə öldürülmüşdür. Səcah adlı qadın da özünü peyğəmbər elan etmişdi və Müseylim həmin an onunla evlənmişdi, lakin onun ölümündən sonra qadın tövbə etmiş və İslamı qəbul etmişdi. Sonra Əsəb qəbiləsindən olan Tüleyxa ibn Xüveyld adlı yalançı peyğəmbər meydana gəldi. Daha sonra Sakif tayfasından olan Muxtar ibin əbu Übeyd peyğəmbərlik iddiası ilə, ibn Zübeyrin hakimiyyəti illərində, Məhəmməd Peyğəmbərin nəslindən olanlara məhəbbət və Hüseyn ibn Əlinin intiqamını almaq istəyi nümayiş etdirərək, Kufə əhlini öz tərəfinə çəkmiş və bundan sonra özünü peyğəmbər elan etmişdir. Malik ibn Marvanın hakimiyyəti zamanı Xaris adlı yalaçı peyğəmbər peyda oldu və çox keçmədən o öldürüldü. Abbasilərin dövründə də özünü peyğəmbər deyənlərin sayı çox idi. Son əsrlərdə daha çox «tanınmış» yalançı peyğəmbərlərdən Mirzə Qulam Əhməd əl-Qədyani və Bəhaullahı (Bəhai) göstərmak olar. Yalançı peyğəmbərlərdən sonucusu əd-Dəccal olacaq ki, o, İsa ibn Məryəm tərəfindən öldürüləcək. Qalan yalançı peyğəmbərlər isə möminlərin xüsusi diqqətinə layiq deyillər.

Hazırlayan:
Mahmud Qəhramanov
www.islamevi.az

Bənzər Məqalələr