. Doğru səbir insanın üstün əxlaqlarından biridir. İnsan onunla gözəl və xoş olmayan işləri görməkdən çəkinir. Səbir insanın qüvvətlərindən biridir. İnsanın halı və işləri ancaq onunla düzəlir və yoluna düşür.

Cuneyd bin Məhəmməddən səbir haqqında soruşduqda: “Səbir insanın üzünü turşutmadan acıları udmasıdır”— deyə cavab vermişdir. (“Ər-risalətul-quşəyriyyə”, səh. 183)
Zunnun isə: “Səbir insanın yasaqlardan uzaq qalması, bəlanın acılarını udarkən sükunətini qoruması, kasıb vaxtında da varlı görünməsidir” — demişdir.(“Ər-risalətul-quşəyriyyə”, səh. 184)
Bəziləri də “səbir” – bəla gəldiyi vaxt ədəb və ciddiyyəti qoru¬maqdan, digərləri isə şikayət etməməkdən ibarətdir”- demişlər.
Əbu Osman: “Səbirli şəxs özünü pisliklərə hücum etməyə alışdıran kəsdir” — demişdir.
Bəziləri də “səbir səhhəti yaxşı və sağlam olarkən necə durursa, bəla zamanı da eləcə durmasıdır”- demişlər. Yəni Allah-taalanın qulu üzərində həm sağlam, həm də bəla zamanında olarkən haqqı vardır. Buna görə də bəndənin sağlam olarkən şükür etməsi, bəlaya düçar olanda isə səbir etməsi lazımdır.
Əmr bin Osman əl-Məkki demişdir: “Səbir Allahla bərabər səbat etmək, bəlaları rahatlıq və sükunətlə qarşılamaqdır”
Yəni bəlanı darlıq, qəzəb və şikayətlə deyil, geniş qəlblə qarşılamaqdır.
Xəvvas: “Səbir Kitabın və Sünnənin hökmləri üzərində səbat etməkdir”- demişdir.
Rüveym: “Səbir şikayəti tərk etməkdir»- demişdir. Bəziləri “səbir Allahdan yardım istəməkdir”- demişdir.
Əbu Əli: “Səbir adı kimidir»- demişdir.
Əli bin Əbu Talib: “Səbir büdrəməyən minikdir”— demişdir.
Əbu Məhəmməd əl-Cəriri: “Səbir bolluq və qıtlıq hallarının hər ikisində xətir və könlün xoş olmasıdır” — demişdir.
Mən deyirəm ki, bu bəndənin edə biləcəyi iş deyil, eləcə də əmr belə əmr olunmayıb. Çünki Allah-taala təbiətləri bu iki hala görə müxtəlif cür yaradıb. Bəndənin edə biləcəyi iş özünü şikayətlənməkdən çəkindirməsidir, əksinə, onun üçün hər iki halın eyni olması deyildir. Sağlamlıq bəndə üçün səbirdən daha genişdir. Belə ki, Allahın elçisi (sav) məşhur duasında: “İlahi, əgər mənə qarşı qəzəbli deyilsənsə, mən çəkdiyim məşəqqət və bəlalara heç əhəmiyyət vermirəm. Çünki Sənin sağlamlıq və lütfün bunlardan çox genişdir”- demişdir .
Əbu Əli Dəqqaq deyir: “Səbir qədərə etiraz etməməkdir. Şikayət etməklə bəlanı açıqlamaq səbrə zidd deyil. Allah-taala Eyyub peyğəmbərin : «…Mənə bəla üz verdi…» (əl-Ənbiya, 83) dediyi halda: «…Biz onu səbir edən gördük…» (Sad, 44)- buyurmuşdur”
Əbu Əli Dəqqaqın “şikayət etməklə” sözünə gəldikdə, şikayət iki növdür. Birinci növü Allaha şikayət etməkdir ki, səbrə zidd deyil. Belə ki, Yəqub (aleyhisəlam): «…Mənə gözəl səbir gərəkdir…» (Yusif, 18) deməsinə baxmayaraq «…Mən dərd-sərimi yalnız Allaha ərz edirəm…» (Yusif, 86) demişdir. Və Allah-taala Eyyubu səbirli kimi vəsf etdiyi halda, Eyyub (aleyhissəlam): «…Mənə bəla üz verdi…»- demişdir.
Musa : “İlahi! Həmd ancaq sənə məxsusdur. Bəlalar ancaq sənə ərz olunur, yardım yalnız səndən istənilir, darda qalanlar yalnız sənə dua edərlər, yalnız sənə təvəkkül olunur, güc və qüvvət ancaq sənindir” — demişdir.
İkinci növü bəlaya uğrayan kimsənin sözlə şikayətidir. Bu şikayət səbri pozur, onunla bir araya sığmır. Sözlə insanlara edilən şikayət Allaha edilən şikayətdən fərqlənir. Bu məsələyə inşaallah şikayət ilə səbrin oxşar və fərqli cəhətlərini öyrənəndə qayıdacağıq.
Deyildi ki, səbir nəfsin qəhrəmanlığıdır. Buna əsasən, bir saat səbir etmək qəhrəmanlıqdır.
Deyildi ki, səbir fəlakət zamanı qəlbin sabit olmasıdır. Səbir ilə sızlamaq bir-birinə zidd olub biri digərinə qarşı çıxır. Belə ki, Allah-taala cəhənnəm əhli haqqında: «…İndi ağlayıb sızlasaq da, səbir etsək də, fərq etməz. Bizim üçün heç bir sığınacaq yoxdur!» (İbrahim, 21) buyurmuşdur. Sızlamaq acizliyin yoldaşı və qardaşıdır, səbir isə ağlın yoldaşı və məhsuludur. Sızlamaqdan “atan” kimdir — deyə soruşduqda, “səbirdir” — deyə cavab vermişdir.
Nəfs qulun miniyi olub, onunla Cənnət və ya Cəhənnəmə gedər. Səbir isə bu miniyin yüyəni və cilovu kimidir, bunlarsız özbaşına hər tərəfə gedə bilər.
Həccacın moizələrində qeyd edilmişdir: “Nəfslərinizi çəkindirin, çünki nəfslər bütün pislikləri arzu edər. Allah-taala nəfsinə yüyən və cilov taxıb, onu yüyəni ilə Allahın itaətinə çəkən və cilovuyla günahlardan çəkindirən kimsəyə rəhmət eləsin. Çünki Allahın haram etdiklərinə səbir etmək, əzabına səbir etməkdən daha asandır. Mən deyirəm ki, insanda iki qüvvə vardır. Biri can atma, digəri çəkindirmə qüvvəsidir. Doğru səbir can atma qüvvəsini faydalı şeyə sərf etdirər, çəkindirmə qüvvəsi ilə zərərli şeydən uzaqlaşdırar.”
Bəzi şəxslərdə özünə faydalı olanlara səbir etməsi zərərli olanlara səbir etməsindən qüvvətlidir. Belələri ibadət və itaətin məşəqqətinə səbir edər, fəqət yasaq olanlara səbir etməz.
Bəzilərinin qadağalara səbir etməsi ibadət və itaətin məşəqqətinə səbir etməsindən daha qüvvətlidir.
Bəzilərində bunların heç biri yoxdur. İnsanların ən üstün və fəzilətlisi həm ibadət və itaətin məşəqqətlərinə, həm də qadağalara səbir edənidir.
Bir çoxları isti və ya soyuq gecələri ibadət etmə, gündüzləri oruc tutma məşəqqətinə səbir edərlər, lakin harama baxmamağa səbir etməzlər. Bəzisi də haramlara baxmağa səbir edər, lakin yaxşılığı etməyə, pisliklərdən çəkinməyə, kafir və münafiqlərlə döyüşə səbir etməzlər. İnsanların çoxu bunların heç birinə səbir etməz. Bunların hamısına səbir edənlər isə lap azdır.
Deyildi ki, səbir istək və şəhvət qüvvəsinin qarşısında ağıl və din qüvvəsini hakim etməkdir. Yəni təbiətən insan sevdiyi şeyləri əldə etməyə çalışır, ağıl və din qüvvəsi isə buna qarşı çıxır, bunlar arasında savaş davam edir. Bu savaşın meydanı qulun qəlbi, səbri, şücaəti və səbatıdır.

İbn əl-Qeyyim əl-Cauziyyənin ““Səbir edənlərin azuqəsi, şükür edənlərin tədarükü” kitabından
www.islamevi.az

Share Button
Tarix: 10.08.2007 | Oxunma sayı: 495 baxış