featured-image-1208

İkinci azuqə.
Dəvətçi öz dəvətində səbirli olmalıdır. O, dəvəti zamanı qarşıya çıxan çətinliklərə sinə gəlməli, əziyyətlərə qatlanmalıdır.

Dəvətçi öz dəvətində səbir nümayiş etdirməli, mükafatını Allahdan gözləməli, ümidini Allahdan üzməməlidir. O, bacardığı qədər bacardığı məkanda Allahın dininə dəvət etməli, bu yolda əzmkarlıq göstərməlidir. O, yumşaq və zəif nöqtələrə malik olmamalıdır ki, çətinliklərdən yorulsun və öz amalını tərk etsin! Dəvətçi dəvətində möhkəm olsa, bir tərəfdən səbir edənlərin savabını qazanar, digər tərəfdən də aqibəti xeyirli olar. İzzət və cəlal sahibi Allah Öz peyğəmbərinə (Ona Allahın salavatı və salamı olsun) xitab edərək buyurur: “Bunlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik. Nə sən nə, nə də sənin qövmün əvvəlcədən bunu bilmirdiniz. Səbir et! Həqiqətən, müttəqilərin aqibəti gözəldir” (Hud, 49).
Hər bir insan dəvətində üzləşdiyi çətinliklərə səbirlə sinə gəlməlidir. Çünki, Allahın dininə dəvət edən hər bir insanın çətinliklərlə üzləşməsi labüddür, qaçılmazdır.
Allah taala buyurur: “Eləcə də, hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə hidayətçi, bir yardımçı olması kifayətdir” (əl-Furqan, 31). Allahın dininə dəvət zamanı orada çətinliklər də olacaq, maneələr də, əngəllər də! Lakın dəvətçi bütün bunlara baxmayaraq səbir etməlidir, onun dəvəti yalan, batil fikir kimi qələmə verilsə belə, bir şeyi dərk etməlidir ki, yerinə yetirdiyi bu missiya Allahın kitabının və rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) sünnəsinin tələb etdiyindən başqa bir şey deyildir.
Lakin, bu o demək deyil ki, insan haqq ona bəyan olunduğu halda yenə də dediklərinin üzərində durmalı, ondan əl çəkməməlidir. Bu, Allah taalanın Qurani-Kərimdə dediyi insanlara bənzəyir: “Onlara haqq bəyan olunduqdan sonra səninlə bu barədə mübahisə edirlər” (əl-Ənfal, 6). Haqq bəyan olunduqdan sonra onun barəsində mübahisə aparmaq bəyənilməyən əməldir. Allah taala bu əməldə vəsf olunanlar barəsində buyurur: “Hər kəs ona haqq yolu aydın olduqdan sonra möminlərin yolundan başqa bir yola tabe olarsa, onu seçdiyi yolla öz başına qoyarıq və onu axırda cəhənnəmə atarıq. O yer onun üçün necə də pis məskəndir” (ən-Nisə, 115). Dəvət edən belə dəvəti zamanı haqla qarşılaşsa, onu qəbul etməlidir.
Dəvətçi nə qədər əziyyətlərlə qarşılaşsa da, yenə də səbrinə sahib olmalıdır. Ola bilsin ki, o, sözlə və ya fiziki hərəkətlə təzyiqə məruz qalsın. Lakin onu da bilməlidir ki, bütün peyğəmbərlər (onlara Allahın salavatı və salamı olsun!) olmazın söyüşlərinə və ağlagəlməz işgəncələrə məruz qalıblar. Allah taala buyurur: “Səni təkzib etdikləri kimi eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr gəlməz bu sehrbaz və ya divanədir dedilər” (əz-Zariyat, 52). Rəbbi tərəfindən ona vəhy nazil olmuş insana yalançı, sehrbaz, dəli deyilirsə və onlara digər işgəncələr verilirsə, başqalarının da dəvət etdikləri zaman çətinliklərlə üzləşməsi təbiidir. Birinci elçi olan Nuh əleyhissalam Rəbbi tərəfindən ona əmr olunmuş gəmini hazırlayarkən qövmi onu məsxərəyə qoyurdu. O isə deyirdi: “Əgər bizi məsxərə edirsinizsə, biz də sizə bu cür məsxərə edərik. Tezliklə rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağı sizə məlum olacaq” (Hud, 38-39). Onlar Nuhu təkcə məsxərəyə qoymurdular, həmçinin onu öldürməklə də hədələyirdilər. “Dedilər: əgər bu sözlərdən əl çəkməsən, səni mütləq daşqalaq edərik” (əş-Şuara, 116). Yəni, sən daşlanaraq ölənlər sırasında olacaqsan. Səndən əvvəlkiləri də belə öldürmüşdük. Əlbətdə ki, bu hədələr Nuhu öz dinindən, dəvətindən döndərmədi.
Həmçinin, qövmü İbrahim əleyhissalamı inkar etdi və onu insanların gözündən salmaq istədilər. “Dedilər: bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qarşısına gətirin” (əl-Ənbiya, 61). Sonra onu yandırmağı qərara aldılar: “Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!” (əl-Ənbiya, 68). Onlar böyük bir tonqal qaladılar və İbrahimi onun içinə atdılar. Ancaq izzət və cəlal sahibi Allah buyurur ki, “Biz dedik: ey atəş, İbrahimə sərin və zərərsiz ol” (əl-Ənbiya, 69). Od da soyuq və zərərsiz oldu. İbrahim də oddan xilas oldu. “Onlar yenə də hiylə qurmaq istədilər. Lakin biz onların hiylələrini məhv edib onları bərk ziyana atdıq” (əl-Ənbiya, 70).
Həmçinin, Musa əleyhissalamı Firon ölümlə hədələyirdi. “Firon dedi: buraxın məni Musanı öldürüm, o da Rəbbini köməyə çağırsın. Sağ qalsa, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fəsad törədəcəyindən qorxuram” (əl-Mumin, 26). Fironun onu ölümlə hədələməsinə baxmaya¬raq, nəticədə Musa qələbə çaldı. “Firon əhlinin isə şiddətli əzab vaxtı yetişdi” (əl-Mumin, 45).
Həmçinin, İsa əleyhissalam dözülməz işgəncələrə məruz qalıb. Hətta, yahudilər onu öldürdüklərini zənn etdilər və çarmıxa çəkdilər. Lakin, Allah taala buyurur: “Onlar İsanı nə öldürdülər nə də ki, çarmıxa çəkdilər. Onlarda yalnız belə təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun barəsində əlbətdə, şəkk-şübhə içərisindədilər. Onlarda buna dair heç bir məlumat yoxdur. Onlar ancaq zənnə qapılırlar. Yəqinliklə onlar Məsihi öldürmədilər” (ən-Nisə, 157-158). Allah taala İsanı onlardan xilas etdi.
Peyğəmbərlərin sonuncusu, onların imamı, Adəm övladının seyyidi Məhəmməd (ona və ailəsinə Allahın salavatı və salamı olsun!) barəsində isə Allah taala buyurur: “O zaman ki, kafirlər hiylə qururdular ki, səni zindana atalar, ya öldürələr və ya qovalar. Onlar çarə axtarırdılar. Allah isə tədbir tökdü. Allah tədbir tökənlərin ən xeyirlisidir” (əl-Ənfal, 30). “Onlar dedilər: ey özünə zikr nazil olunan kəs, sən həqiqətən divanəsən!” (əl-Hicr, 6). “Dedilər: dəli bir şairə görə ilahlarımızımı tərk edəcəyik?” (əs-Saffat, 36). Kafirlər ona (Ona Allahın salavatı və salamı olsun) həm sözlə təzyiq göstərmiş, həm də fiziki işgəncələr vermişdilər. Lakin, o, (Ona Allahın salavatı və salamı olsun) hər şeyə baxmayaraq səbir etmiş, nəticədə gözəl aqibət ona (Ona Allahın salavatı və salamı olsun) nəsib olmuşdur. Bu barədə tarixçilər daha ətraflı biliyə malikdirlər.
Allahın dininə dəvət edən hər bir kəs əziyyətlə qarşılaşacaq. Bu zaman onun ən gözəl yolu səbir etməkdir. Ona görə də Allah taala öz rəsuluna (Ona Allahın salavatı və salamı olsun) “Həqiqətən, biz Quranı sənə nazil etdik” (əl-İnsan, 23) buyurduqda gözlənilirdi ki, arxasınca Allah taala bu Quranın nazil olmasına görə Rəbbin nemətinə şükür edilməsini buyuracaqdı. Lakin, Uca Allah buyurdu: “Rəbbinin hökmünə səbir et!” (əl-İnsan, 24) Bu ayə sübutdur ki, Qurani-Kərimin buyurduqlarını yerinə yetirən və onları bəyan edən hər bir kəs həqiqi səbrə ehtiyac duyulan çətinliklərlə qarşılaşacaq. Ona görə də dəvəti aparan kəs səbirli olmalı, Allah taala onun dəvətini uğurlu edənədək davamlılıq nümayiş etdirməlidir. Ola bilər o, başqa işlərində uğur qazanmasın. Lakin, mühim odur ki, onun dəvəti uğurlu olsun. Əsas şəxsiyyət deyil, dəvətdir. Onun ölümündən sonra belə dəvəti yaşayırsa, o, ölü deyil, diridir. Allah taala buyurur: “Heç ölü ikən diriltdiyimiz, insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz adam zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi?” (əl-Ənam, 122). Həqiqətən, dəvətçinin həyatının daşıdığı məna təkcə ruhun bədəndə qalması deyil. Əsas mənası insanlar arasında onun missiyasının həyata keçməsidir. Əbu Süfyanla Bizans imperatoru Herakl arasında olan söhbətə nəzər salaq. Herakl, hüzurunda olan Əbu Süfyandan peyğəmbərin, (Ona Allahın salavatı və salamı olsun) dedikləri barəsində soruşur. Əbu Süfyan ona soruşduqlarının hamısı barəsində xəbər verdikdə Herakl deyir: “Əgər sənin dediklərin doğrudursa, o, mənim ayaqlarım altında olanların da sahibi olacaq”.(“Səhih Buxari” Vəhyin başlanğıcı kitabı; “Rəsulullaha (Ona Allahın salavatı və salamı olsun) nazil olan vəhy necə başlamışdır?” fəsli; Hədis 7)
Sübhənallah, kim təsəvvür edə bilərdi ki, Bizans kimi əzəmətli bir imperiyanın başçısı Məhəmməd (ona və ailəsinə Allahın salavatı və salamı olsun!) peyğəmbər barəsində belə sözlər deyər. Çünki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) həmin vaxt heç Ərəbistan yarımadasını küfürdən təmizləməmişdi. Heç kəs təsəvvür etməzdi ki, belə bir adam belə bir söz deyə bilər. Əbu Süfyan Heraklın hüzurundan ayrıldıqdan sonra öz camaatına belə demişdi: “İbn Əbu Kəbşənin işi bizanslıların imperatorunu yaman qorxutdu”. Həqiqətən də, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) Heraklın ayaqları altında olanların sahibi oldu. Lakin şəxsiyyəti ilə deyil, dəvəti ilə bunlara nail oldu. Çünki, rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) dəvəti həmin torpaqlara çatdı, orada mövcud olan şirk, bütlər və onların havadarları aradan qalxdı. Rəsulullahdan (Ona Allahın salavatı və salamı olsun) sonra həmin torpaqlara onun (Ona Allahın salavatı və salamı olsun) dəvəti və şəriəti ilə Raşidi xəlifələri sahib oldular. Deməli, dəvətçi səbirli, doğru və Allahla birgə olmalıdır ki, istər həyatında istərsə də ölümündən sonra etdiyi dəvət gözəl sonluqla nəticələnsin.
“Musa qövmünə dedi: Allahdan kömək istəyin və səbir edin! Yer üzü Allahın mülküdür və onu bəndələrindən istədiyi şəxsə əta edər. Yaxşı aqibət təqva əhlinə məxsusdur” (əl-Əraf, 128). Başqa bir ayədə Allah taala buyurur: “Kim Allahdan qorxsa və səbir etsə, (axırda qalib gələr) Allah yaxşı iş görənlərin mükafatını zay etməz” (Yusif, 90).

Məhəmməd bin Saleh Əl-Useymin

www.islamevi.az

Bənzər Məqalələr